"Sabah"ın qapıçısı Nicat Mehbalıyev Premyer Liqanın 33-cü turunun "Kəpəz"lə matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az 22 yaşlı qolkiperin müsahibəsini diqqətinizə çatdırır:
- Uzun müddətdən sonra Premyer Liqada oynamaq yaxşı idi. Son matçımı ötən il "Qəbələ"nin heyətində "Şamaxı"ya qarşı keçirmişdim. Baş məşqçi sağolsun ki, şans verdi. Mən də şansı dəyərləndirməyə çalışdım. Çox şükür ki, uğurlu oldu.
- Uzun müddətdən sonra oyuna çıxdın. Hər hansı bir narahatlıq yox idi?
- Düzdür, qapıçılar oynamayanda oyun praktikasından əziyyət çəkir. Amma məşq proseslərimiz yüksək səviyyədə olduğuna görə o qədər də çox əziyyət çəkmədim. Bəzən gecikmələr olurdu. O da oyunun gedişində öz həllini tapdı və rahat oldu.
- Ötən mövsüm "Qəbələ"nin heyətində bu stadionda çıxış etmisən. İndi burada oynamaq necə idi?
- Keçən il bu meydanda çox oynamışam. Bura mənim üçün doğmadır. Qismətdən bu mövsüm ilk oyunuma Qəbələdə çıxdım.
- "Beşiktaş"la yoldaşlıq oyununda şans gözləyirsən?
- Biz futbolçuyuq, işimizi görürük. Qərar baş məşqçinindir. Şans versə, oynayacağıq, verməsə, həmişəki kimi hörmətlə yanaşacağıq.
- Otən mövsüm daim 90 dəqiqə meydanda olurdun. Bu il isə şans qazana bilmirsən. Necə hissdir?
- Hər futbolçu oynamaq istəyir. Amma nəzərə almalıyıq ki, komandanın tutduğu bir yol var. Qapıçı elə mövqedir ki, tez-tez dəyişmək olmur. Yusif İmanov gənc qolkiperdir. Oynadı və özünü yaxşı tərəfdən göstərdi. Hər matçda qapıda birimiz dayansaq, həm inkişaf, həm də stabilliyi qorumaq olmur. Bu baxımdan Yusifin oynaması və davam etməsi başadüşüləndir.
- Belə olanda sənin stabilliyin itir axı...
- Bu, başadüşüləndir. Biri oynayanda biri də ehtiyatda qalır.
- Mövsümün sonunda hansı qərarı verəcəksən?
- Rəhbərliklə danışığımız olub. Yəqin ki, yayda məlum verilər.
- Müqavilən nə vaxt bitir?
- Hələ 1 il də var. Amma rəhbərliklə danışığımız olub. Ola bilər ki, hansısa formatda başqa komandaya gedim.
- Həmin komanda "Qəbələ" ola bilər?
- Hələ bir qərar yoxdur.
- "Qəbələ"də qalmamaq, "Sabah"a qayıtmaq sənin öz qərarın idi?
- "Qəbələ"də icarə əsasında çıxış etmişdim. "Şamaxı" ilə mövsümün son matçından sonra klub rəhbərliyi ilə söhbətimiz oldu. Dedim ki, mən də istəyirəm Konfrans Liqasında oynayım. Sadəcə olaraq son qərar "Sabah" rəhbərliyinindir. Çünki, bu klubla müqaviləm var. "Sabah' da belə qərar verdi ki, komandaya qayıdım. Müqaviləm olduğu üçün hörmətlə qarşıladım və qayıtdım. Müqaviləli futbolçuyam, biz peşəkarıq. Komandanın ehtiyacı var idisə, qayıtmalı idim.
Elçin Əlixan
saytlarin hazirlanmasi