"Sabah"ın müdafiəçisi Bəxtiyar Həsənalızadə Sportal.az saytına müsahibə verib.
- "Zirə"yə qarşı görüş sizin üçün necə alındı? Bu matçda bir xal sizi qane etdi?
- Oyun ağır keçdi. Qarşılaşmanın vaxtı da nisbətən tez idi. "Zirə"yə xallar lazım idi. Bu da, bizim işimizi çətinləşdirirdi. İlk hissədə öz oyunumuzdan uzaq idik. İkinci yarıda nisbətən oyunumuzu düzəldə bildik. İlk hissədə qol şanslarımız var idi. Sadəcə onları dəyərləndirə bilmədik. Bəlkə də, matçın ədalətli nəticəsi bərabərlik idi.
- Maraqlıdır ki, "Sabah" artıq ikinci yeri təmin etsə də, hər oyuna əsas heyətlə çıxır və sanki sona qədər çempionluq mübarizəsi aparır...
- Bu, baş məşqçimizin qərarıdır. Kimi meydana buraxırsa, əlindən gələni etməyə çalışır. Məqsəd öz oyunumuzu hər matçda da sərgiləməkdir.
- Ümumiyyətlə, çempionatdakı ikinci yeri tutmağınız sizi razı saldı? Nəyə görə komanda sona qədər çempionluq mübarizəsi apara bilmədi?
- Məqsədimiz avrokuboklara vəsiqə qazanmaq idi. Ən vacibi məqsədə çatmağımız oldu. Şükürlər olsun ki, bunu bacardıq. Təbii ki, bunu ikinci pilləni tutaraq əldə etməyimiz bizi qane edir.
- "Sabah" yeni yaranmış komandadır, amma beşinci ilində çempionluq mübarizəsi aparmağı bacardı. Bu mövsüm ikinci pillədə başa vurdunuz. Yeni mövsüm çempionluq uğrunda mübarizə aparan daha güclü "Sabah" görəcəyik?
- Bu haqda rəhbərlik və komandanın məşqçilər rəy bildirə bilər. Hamımız istəyərdik ki, ən yüksək yerlər üçün mübarizə aparaq. Biz meydana çıxırıqsa, ən yaxşısı üçün çalışırıq.
- "Beşiktaş"la yoldaşlıq matçında üz-üzə gəldiniz. Avrokuboklar öncəsi sizin üçün yaxşı təcrübə oldu?
- Təbii ki, "Beşiktaş"la oyun avrokuboklar öncəsi yaxşı təcrübə oldu. Belə səviyyədə olan rəqiblərlə tez-tez oynamaq komandamız üçün faydalıdır. Yaxşı matç alınmışdı.
- "Sabah" müqavilə müddətini artırmaq üçün sənə yeni təklif göndərib?
- Xeyr, müqavilə haqda danışıq olmayıb. Xeyirlisi nədirsə, o da olsun.
saytlarin hazirlanmasi