"Sabah"ın futbolçusu Aleksey Kaşuk 2022/2023 mövsümünün mükafatlandırılma mərasimindən sonra jurnalistlərə müsahibə verib. Sportal.az saytının əməkdaşının da suallarını cavablandırmış ukraynalı yeni mövsümə Azərbaycanda başlayıb-başlamayacağı barədə danışıb.
- "Sabah" cari mövsümü gümüş medalçı kimi başa vurdu. Hər şey istədiyiniz kimi alındı?
- Mövsüm komandamız üçün uğurlu keçdi. Ötən mövsümü beşinci pillədə başa vurmuşduq. Ancaq bu mövsümü gümüş medallar qazandıq. Turnir cədvəlində yüksəlməyi bacardıq. Son turlara qədər çempionluq mübarizəsi apardıq. Qarşıdakı mövsüm komandanın heyəti saxlanılıb, yeni, keyfiyyətli futbolçular cəlb olunarsa, çempionluq uğrunda da yarışmaq şansımız yaranacaq.
- Mövsümün gedişində ən çox müzakirə olunan mövzu komandada qalıb-qalmayacağınla bağlı idi. "Sabah"da qalırsan?
- Bu barədə indi bir söz deyə bilməyəcəm. "Şaxtyor"la müqaviləm var. Hər şey onların verəcəyi qərardan asılı olacaq. Mən Azərbaycanı və "Sabah"ı bəyənirəm. Burada oynamaq mənə xoşdur. Komanda gələcək mövsüm avrokuboklarda Azərbaycanı təmsil edəcək. Bura qayıtmağım baş tutmasa, "Sabah"a uğurlar arzulayacam, onlara azarkeşlik edəcəm. Amma qayıtmaq alınsa, çox şad olacam.
- "Şaxtyor" rəhbərliyinə "Sabah"da qalmaq istədiyini deyə bilməzsən?
- Təbii ki, "Şaxtyor" rəhbərliyi ilə söhbət edəcəyik. Gələcək karyeramın uğurlu olması adına addımlar atacağıq. Necə olacağını zaman göstərəcək.
- "Sabah" avrokuboklarda uğurlu çıxış edə bilər?
- Yayda məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdan ibarət idi. Sona bir neçə tur qalmış məqsədimizə çatdıq. Şadam ki, "Sabah" avrokuboklarda iştirak edəcək. Ümid edirəm ki, püşkatmada bəxtimizə yaxşı oynayacağımız və mərhələni keçə biləcəyimiz rəqib çıxacaq.
- Yeri gəlmişkən, yayda U-21 yığmalarının Avropa çempionatı keçiriləcək. Orada da Ukrayna yığmasıında çıxış edəcəyini nəzəər alsaq, çətin olmayacaq sənə?
- Məşq etməkdənsə, daha çox oyun oynamaq həmişə xoşdur. Ukraynanı təmsil etmək mənim üçün böyük fəxr olacaq.
- "Şaxtyor" sənə görə "Sabah"dan beş milyon avro tələb edib?
- Bu barədə məlumatım yoxdur. Kimsə beş, kimsə bir milyon avro yazar. İstənilən halda, hər şey "Şaxtyor"un verəcəyi qərardan asılıdır. Kluba rəsmi təklif göndəriləcəksə, onlar baxacaqlar. "Şaxtyor"un məni hansı qiymətə satmaq istədiyinə gəldikdə, bu onların biləcəyi məsələdir.
Mirbağırağa
saytlarin hazirlanmasi