Azərbaycanlı mütəxəssis futbola aid kitab nəşr etdi

19:20 - 2 İyun 2023

Azərbaycanlı futbol mütəxəssisi Məqsəd Yaqubəliyevin “Futbolçuların hazırlığında məşq mahiyyəti fəlsəfəsi” adlı kitabının təqdimatı baş tutub.

Sportal.az xəbər verir ki, tədbir ölkə kubokunun finalına həsr olunan mətbuat konfransından öncə həyata keçirilib. Yaqubəliyev kitabın ərsəyə gəlməsi barədə fikirlərini bildirib: 

- Futbolun inkişafı ilə bağlı burada müzakirələr aparırıq. Çıxışıma Vaqif Sadıqovun sözü ilə başlamaq istəyirəm. O deyir ki, futbol mütəxəssisinin futbolun inkişafı istiqamətində cürət etməsi alqışalayiqdir. Bu sözlər də bizə güc verir. Gənc mütəxəssislər üçün kitab əhəmiyyətli olacaq, onların inkişafın töhvə verəcək.

- Kitabda hansı qeydləriniz var?

- Futbola çox gec, 23 yaşında gəlmişəm. Milli komanda da oynamışam. Legioner həyatı yaşaya bilmədim. Şərait çətin idi. Yaşadığım Qazaxın “Göyəzən” klubuna kömək etmək lazım idi. Orada oynamışam. Sevinirəm ki, bu sahədə qalmışam. Elmə marağım həmişə var idi. “Ümid” komandasını yaratmışdım, güclülər dəstəsində oynadıq. Sponsorlar yaxın gəlmədi deyə komandanın 3-4 il ömrü oldu. Daim yeniliklər axtarmışam. Xarici mütəxəssislərlə işləyən zaman proqramlar verilirdi. Mən də bu cür proqram hazırlaya biləcəyimə inanırdım. Kitabda eyni zamanda futbolun keçmişi ilə bu günün vəhdəti görünür. Kimsə köhnə materiallara rast gələ bilər. Keçmişi bilməyən bu günlə ayaqlaşa bilməz. Ən güclü komandaların futbolçularına belə, kitabdakı qrafik lazımdır. Sxemdə mübarizənin necə olacağı göstərilir. Kitabdakı sxemlə tanış olsalar, futbolçuların xeyrinə işləyər. Futbolçunun hazırlanması üçün sistematik olaraq əvvəlindən sona qədər hər şey qeyd olunur. Kiçik detallar da orada göstərilib. Məşqçiyə nələr lazımdır, nələr maraqlıdır, onları seçib kitabda göstərmişəm.

- Kitab kim tərəfindən maliyyələşib? Satışda olacaq?

- Sponsor “Xəzər Universiteti”dir. Əgər idman sahəsinin elmlə vəhdətindən söhbət gedirsə, düşündük ki, elm ocağının ona sponsorluq etməsi daha məqsədəuyğundur. Tiraj azdır, 30 kitab buraxılıb. Universitet tərəfindən təklif olunub ki, kitaba olan reaksiyadan sonra tiraj çoxala bilər. 10 ilə yaxın “Bakı”, “Şamaxı” akademiyada çalışmışam. Mütəxəssislər üçün bu cür məlumatlara nə qədər ehtiyac var, inanın. Bəzən məşqçilər futbola aid olan hansısa detalları çəkməkdə çətinlik çəkirlər. Onların marağında olsa, tirajı da artırmaq olar.

Mirbağırağa


Xəbər xətti