"Sabah"ın akademiyası 2022/23 mövsümündə: 4 qızıl, 1 gümüş, 1 bürünc medal

15:37 - 30 İyun 2023

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda 2022/23-cü il mövsümünə yekun vurulub.

Sportal.az xəbər verir ki, “Sabah” Futbol Akademiyasının komandaları son mövsümdə də uğurlu nəticələrə imza atıblar.

U-13 komandası mövsümü qızıl medallarla başa vurub. Savalan Əlizadənin yetirmələri liqanın final oyununda “Neftçi”ni 2:0 hesabıyla məğlub edərək, çempion olublar.

U-14 Liqasında mübarizə aparan müvafiq yaş qrupundan ibarət komanda yarışın həlledici oyununa vəsiqə qazanıb. Elvin Həsənovun baş məşqçisi olduğu komanda yalnız final oyununda “Qarabağ”a məğlub olaraq (1:2) liqanı ikinci pillədə – gümüş medallarla başa vurub.

U-15 komandası da uğurlu mövsüm keçirib. Elnur Zeynalovun yetirmələri U-15 Liqasının final oyununda “Neftçi” ilə qarşılaşıb. Həlledici matçda minimal hesabla qələbə qazanan komanda mövsümü çempion kimi başa vurub. U-15 komandasının futbolçusu İslam Həsənov isə 76 qolla liqanın bombardiri olub.

U-16 Liqasında mübarizə aparan komanda da mövsümü qızıl medallarla başa vurub. İlqar Mənsimovun yetirmələri çempionatın XXX turunda səfərdə “Səbail”i 4:1 hesabıyla məğlub edərək, çempionatın başa çatmasına 2 tur qalmış çempionluğunu təmin edib. U-16 komandasının üzvü Babamirzə Mehdiyev mövsümün ən yaxşı futbolçusu seçilib.

U-17 Liqasında mübarizə aparan komanda da öz yaş qrupunda ən güclü olub. Liqanın son turunda səfərdə “Qəbələ”ni minimal hesabla məğlub edən Saşa Yunisoğlunun yetirmələri mövsümü 94 xalla çempion kimi başa vurub. U-17 komandanın üzvü Niyazi Osmanov çempionatın ən məhsuldar futbolçusu olub (35 qol).

Gənclər Liqasında mübarizə aparan U-19 komandası liqanın iddialı kollektivlərindən biri kimi qeyd etmək olar. Son turlara qədər çempionluq uğrunda mübarizə aparan İqor Ponomaryovun komandası mövsümü üçüncü pillədə – bürünc medallarla başa vurub.

AFFA-nın qərarı ilə 2022/23 mövsümündən etibarən 12 və daha aşağı yaş qruplarından ibarət liqalarda nəticələr qeydə alınmır. “Sabah” Futbol Akademiyasının komandaları nəticələrin qeydə alındığı bütün liqaları medalla başa vurublar. Belə ki, 4 komanda (U-13, U-15, U-16 və U-17) son mövsümdə qızıl, 1 komanda (U-14) gümüş, 1 komanda (U-19) isə bürünc medal qazanıb.

Xəbər xətti