"Sabah"ın kapitanı Elvin Camalov Sportal.az saytına müsahibə verib. O, komandasının Avstriya toplanışını dəyərləndirib və bununla yanaşı, Masazır təmsilçisinin Konfrans Liqasının ikinci təsnifat mərhələsinin RFS-lə görüşlərdəki şanslarından danışıb.
- "Sabah"ın Avstriyadakı toplanışını necə dəyərləndirirsən? Sizin üçün daha çox yaddaqalan nə oldu?
- Avstriya toplanışımzı iki həftə keçdi. Orada bizə hər cür şərait yaradılmışdı. Məşq etdiyimiz meydança əla vəziyyətdəydi. Bundan əlavə, yoxlama oyunlarda da güclü rəqiblərlə qarşılaşdıq. Fikrimcə, bu oyunların və hazırlığın avrokuboklarda bizə çox faydası dəyəcək.
- Kapitan kimi səni narahat edən və daha çox pozitiv düşünməyə vadar edən məqamlar hansıdır?
- Narahat edən heç bir məqam yoxdur. Komanda olaraq tam şəkildə qarşıdakı mövsümə köklənmişik. Hədəfimiz dəyişməyib, hər oyundan maksimum nəticə ilə ayrılmaq istəyirik. Ümid edirəm ki, yenə müsbət nəticələr və gözəl oyunla azarkeşlərimizi sevindirəcəyik.
- Aleksey Kaşukun gedişi daha çox yaddaqalan idi. Mövsüm bitəndən artıq yeni sezon komandada olmayacağını bilirdiz? Kaşuksuz nə qədər gücünüz azaldı?
- Kaşuk həm yaxşı futbolçu, həm də gözəl insandır. İdmançı kimi öz üzərində daim işləyirdi. Bundan əlavə, yaxşı istedada malikdir. Gənclər arasında keçirilmiş son Avropa çempionatında da yaxşı performans göstərdi, diqqəti cəlb etdi. O ki qaldı, Kaşukun bizim komandadan ayrılmasına, bu futbolun bir parçasıdır. Normal qəbul etmək lazımdır. Alekseyə gələcək karyerasında uğurlar arzu edirəm.
- Yeri gəlmişkən, toplanış çərçivəsində səviyyəli komandalarla yoxlama görüşləri keçirdiz. Yoxlama görüşləri göstərici olmasa da, səncə, komanda daha çox hansı matçda ən yaxşı oyunu oynadı?
- Bəli, yoxlama oyunlarında qeydə alınan nəticə göstərici sayılmamalıdır. Amma bayaq dediyim kimi, bu cür oyunlarda qazanılan təcrübə əvəzsizdir. Fikrimcə, Avstriyada keçirdiyimiz yoxlama oyunlarında “Olimpiakos”la matçda daha yaxşı təsir bağışladıq.
- Yeni gələnlər də az deyil. Onların hər biri komandaya öyrəşib? Hamısından gözləntilər yüksəkdir. Səncə, “Sabah”da hansı məqamda çətinliklə üzləşə bilərlər?
- Yeni gələn futbolçuların hər biri öz klubunun əsas üzvlərindən olublar. “Sabah”da mehriban kollektiv var. Ona görə də, bura gələn yeni futbolçu da uyğunlaşmaqda çətinlik çəkmir, qısa müddətdə ailənin bir üzvünə çevrilir. Yeni gələnlər futbolçular da, istisna olmadı. Fikrimcə, bu oyunçuların hər biri bizim gücümüzə güc qatacaq.
- "Sabah"ın Konfrans Liqasında rəqibi artıq bəlli oldu. RFS - "Makedoniya GP" matçlarının ikisini də izlədin? Sənin üçün latviyalıların növbəti mərhələyə adlaması yəqin ki, gözlənilməz olmadı?
- Futbolda həmişə gözlənilməzliklər olub. Bu baxımdan deməzdim ki, RFŞ-in mərhələ keçəcəyinə əmin idik. O ki qaldı rəqibə, fikrimcə, bizi qarşıda güclü rəqiblə gərgin mübarizə gözləyir. İnanıram ki, RFS-lə sınaqdan üzüağ çıxacağıq.
- Ümumiyyətlə, bu rəqib haqda hansı fikirdəsən? Onlar KL-də qrup mərhələsində də oynayıb.
- RFS güclü komandadı, ölkəsinin iddialı klublarındandır. Səhv etmirəmsə, 2021-ci ildə çempion olublar. Ötən mövsüm də KL-nın qrup mərhələsində iştirak etdilər. Burada qrupda qalsalar da, “Fiorentina”, “Başakşeher” kimi komandalardan xal almağı bacardılar. Rəqib keyfiyyətli futbolçulara, yaxşı baş məşqçiyə malikdir.
- "Sabah" RFŞ səddini keçə biləcək? Şansları necə görürsən? Bir də, əsas məqsəd nədən ibarətdir avrokubokda?
- Əlimizdən gələni edəcəyik ki, uğurlu start götürək. İnanıram ki, bu mərhələni keçəcəyik. O ki qaldı, maksimum hədəfə, mümlün olduqca çox irəliləmək istəyirik.
Elçin Əlixan
saytlarin hazirlanmasi