“Sabah” Futbol Klubu ilə “Azərlotereya” ASC arasında sponsorluq müqaviləsi imzalanıb.
Sportal.az xəbər verir ki, anlaşmaya əsasən, “Azərlotereya” ASC idmanda kütləviliyin təmin edilməsinə, gənc futbolçuların yetişməsinə, futbol yarışları vasitəsi ilə sosial məsuliyyətin təbliği və azarkeş mədəniyyətinin formalaşmasına dəstək olacaq. Əməkdaşlıq müqaviləsinin müddəti 1 ili əhatə edir.
“Sabah” klubunun ev oyunlarını keçirdiyi “Bank Respublika Arena”da baş tutan mərasimdə müqaviləni “Sabah”ın prezidenti Maqsud Adıgözəlov və “Azərlotereya”nın İdarə Heyətinin sədri Osman Karakuş imzalayıblar.
Tədbirdə çıxış edən M. Adıgözəlov əməkdaşlığın uğurlu olacağına əmin olduğunu bildirib: “Bu gün yeni sponsorluq müqaviləsinə imza atdıq. “Azerlotereya”nın timsalında ölkə futboluna diqqət göstərilməsi çox sevindiricidir. Bu əməkdaşlığın “Sabah” və ölkə futbolu üçün faydalı olacağına inanıram. Ümid edirəm ki, tərəfdaşlığımız hər iki tərəf üçün uğurlu və uzunmüddətli olacaq”.
“Azərlotereya”nın İdarə Heyətinin sədri Osman Karakuş da əməkdaşlığın uğurlu olacağına inamını ifadə edərək mövsümü uğurla tamamlayan “Sabah”a avrokuboklarda uğurlar arzulayıb: “Yeni yaranmış bir klub üçün güclü rəqibləri geridə qoyaraq Premyer Liqada ikinci olmaq böyük uğurdur. Bu uğurun davamının Konfrans Liqasında gəlməsini arzulayıram. Əməkdaşlığımız hər iki tərəf üçün xeyirli, uğurlu olsun”.
Qeyd edək ki, ölkənin qanuni və yeganə lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC 20 ildən çoxdur fəaliyyət göstərir. 2021-ci ildən Türkiyənin “Demirören” holdinqinə idarəetməyə verilən şirkət hazırda qeyri-neft sektorunda dövlət büdcəsinə ən böyük vergi ödəyicilərindəndir. Şirkət bədən tərbiyəsi və idmanın, o cümlədən, futbolun inkişafını dəstəkləyir.
saytlarin hazirlanmasi