"Sabah" Avropa Konfrans Liqası II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Latviyanın RFS klubunu qəbul edəcək.
Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb:
- Sabah klubumuzun tarixi üçün çox önəmli gündür. Evdə ilk avrokubok oyunumuzdur. Bura gəlmək üçün çox məsafə qət etmişik. Sabah bizi çox çətin oyun gözləyir. Güclü rəqibə qarşı oynayacağıq. Futbolçularımız yaxşı hazırlaşıblar. Sabah güclü olan qalib gəlsin.
- RFS son çempionat matçında 7 qol vurub. Bu, sizi qorxutmur?
- RFS çox güclü rəqibdir. Tək bu il bu cür hesablarla qalib gəlməyiblər. Ötən mövsüm avrokubokların qrup mərhələsində iştirak ediblər, iki il əvvəl ölkə çempionu olublar. Mənə görə RFS Latviyanın ən güclü komandasıdır. Onları son oyunlarına görə dəyərləndirmək istəmirəm.
- Sabah növbəti mərhələdəki potensial rəqibiniz olan "Partizan"dan nəyisə gizlədəcəksiz, yoxsa tam gücünüzlə oynayacaqsız?
- Zarafat edirsiniz? Şanslar 50/50-dir.
- İlk oyundakı qələbə futbolçularda arxayınlıq yaratmayacaq?
- Məşqçi kimi əsas məqsədimiz etdiyimiz səhvlərdən nəticə çıxarmaq və futbolçuları oyuna düzgün şəkildə kökləməkdir. 2:0 hesabı hələ heç nə demək deyil. Bir səhv hər şeyi tamamilə dəyişə bilər. Sakit olmalıyıq.
- İlk matçda rəqib daha çox hücum edirdi. Artıq RFS-nin itirəcəyi heç nə yoxdur. Onların açıq futbol oynayacağı sizi qorxutmur?
- Səfərdəki matçda rəqib bütün təhlükələri standart vəziyyətlərdən yaratdı. Hündürboy futbolçulara sahibdirlər. Sabah necə oynayacaqlarını bilmirəm. Açıq futbol oynayacaqlarsa, buyursunlar. Mən açıq futbolu sevirəm.
- Coy Lens-Mikels və Emmanuel Apehin hazırlıq durumu necədir?
- Mikelsin təlim-məşq toplanışında kiçik zədəsi var idi. Ona görə də son hazırlıq matçını buraxmalı oldu. Riqada da 45 dəqiqə oynadı. Amma bərpa olunmaq üçün bir həftə vaxtı oldu. Apehdə isə heç bir problem yoxdur.
- "Sabah"ın bu mövsüm üçün hədəfləri nədir? Konfrans Liqasının qrupu, ölkə çempionluğu hədəfi qoyulub qarşınıza?
- Hazırda sadəcə RFS-ni keçməyi düşünürük. Heç "Partizan" barədə düşünmürük. Əsas məqsədimiz odur ki, rəqibin güclü tərəflərinin qarşısını alıb meydanda öz gücümüzü göstərək. Rəhbərliklə gələcək haqda heç nə danışmamışıq. Azarkeşlər həmişə bizə dəstək olublar. Riqada da bizi dəstəklədilər. İnanıram ki, sabah onlar bizim 12-ci oyunçumuz olacaqlar.
- Bir mütəxəssis olaraq "Qarabağ" - "Rakuv" matçından gözləntiniz nədir?
- "Qarabağ" ilk matçda çox yaxşı oynadı. Sadəcə olaraq kiçik səhvlər onlara baha başa gəldi. "Qarabağ" təcrübəli komandadır. Bu gün bizi maraqlı və gərgin oyun gözləyir.
Elçin Əlixan
saytlarin hazirlanmasi