Murad Musayev: "Rəqibin çox qol fürsətlərini xatırlamıram"

23:18 - 3 Avqust 2023

"Sabah" Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Latviyanın RFS klubunu 2:1 hesabı ilə məğlub edərək növbəti raunda vəsiqə qazanıb.

Sportal.az xəbər verir ki. matçdan sonra keçirilən mətbuat konfransında Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb:

- Əla nəticə qazandıq. Güclü rəqibə qarşı yaxşı çıxış etdik. Komandam xarakter göstərdi. Çox sevinirəm ki, rəhbərliyi, bura gələn azarkeşləri sevindirdik. Bir az həyəcan var idi. Bir çox oyunçumuzun debüt matçı idi. Çox vaxtımız yoxdur. İki gün sonra "Qəbələ" ilə oyunumuz var. Çox şadam ki, rəsmi oyunlara uğurlu başladıq. 

- Rəqib azlıqda qaldıqdan sonra qol vurdu. Bu, sizin üçün sürpriz olmadı?

- Rəqib çox yaxşı komandadır. Baş məşqçiləri çox yaxşıdır. Onlar riskə getdilər. İkinci hissədə biz topa daha yaxşı nəzarət edirdik. Birinci qolu biz vursaydıq, rəqib daha da açılacaqdı. Qol fürsətlərimiz çox oldu. Qol buraxmağımıza baxmayaraq, özümüzdə güc taparaq iki qol vurduq. 

- Rəqib həmkarınız bildirdi ki, "Sabah" meydana hesabı qorumaq üçün çıxmışdı. Siz necə düşünürsünüz?

- Hesabı qorumağa çalışmaq bizim səhvimiz olardı. Çalışırıq ki, həmişə hücum futbolu sərgiləyək. Bu gün də futbolçulara təlimat vermişdik ki, hücum edək. 

- Sanki qırmızı vərəqə rəqibə yox, "Sabah"a problem oldu. Komanda arxayınlaşmışdı. Siz necə düşünürsünüz?

- Sizinlə razı deyiləm. Oyun bizik nəzarətimiz altında idi. Rəqibin çox qol fürsətlərini xatırlamıram.

- Həlledici məqamlarda futbolçular bir-birinə ötürmə vermir. Həmin oyunçularla söhbətiniz olacaq?

- Əlbəttə ki, təhlil edəcəyik, hər biri ilə danışacağıq. Daha çox ümumi şəkildə söhbət edəcəyik. Çünki, futbol komanda oyunudur.

- Bu gün Vensan Til start heyətdə meydana çıxmışdı. Sanki komandaya uyğunlaşmayıb...

- Vensan təlim-məşq toplanışı zamanı bizə qoşulmuşdu. Onun oyun tərzi bizə çox uyğun gəlir, hücum futbolunda yaxşı iştirak edir. Bu gün cinah hücumçusu kimi çıxış etdi. O daha çox "10 nömrə" kimi oynayır. Yaxşı fürsətləri olduz amma istefada edə bilmədi. Marqarita da yüz faiz uyğunlaşmayıb.

- Bir həftə sonra "Partizan"la oynayacaqsız. Onlara qarşı hansı gözlənilməz gedişləriniz olacaq?

- Nəsə demək çətindir. Çünki, hələ onların heç bir oyununu izləməmişəm. Bütün fikrim RFS-ə yönəlmişdi. Əlbəttə ki, "Partizan" ölkəsinin ən köklü komandalarından biridir. Bu gece ilə bilər ki, onların oyunlarına baxaq.

- Bu gün Apehlə Mikels gözəl tandem təşkil edirdilər. Apeh tam hazırdır?

- Yüz faiz hazırdır. Amma belə rəqabətin olması da bizim üçün yaxşıdır. Davit Volkovla rəqabət aparır. Yaxşıdır ki, heyətdə bir-biri ilə rəqabət aparacaq hücumçular var.

- Sizcə, Marqarita Apehlə Mikels arasında rəqabət apara biləcək?

- Əlbəttə ki, Apehlə rəqabət apara bilməz. Çünki, Apeh hücumçudur. Amma Mikelsle rəqabət apara bilər. Hər iki cinahda oynamağı bacarır. Ötən mövsüm Aleksey Kaşuk çox yaxşı çıxış etdi. Mənə görə Kaşuk Azərbaycanda ən yaxşı cinah oyunçularından biri idi. İnanırıq ki, Marqarita da inkişaf edəcək.

- Yeni transferlər gözlənilir?

- Bəli. Bir mövqeyə transfer etmək istəyirik. Əgər alınsa, edəcəyik.

- Gənc heyətlə böyük uğurlar qazandınız. Artıq sizdən böyük hədəflər gözlənilir. Bu, sizdə təzyiq yaratmır?

- 24 saat gərginlikdəyəm. Mənim sənətim belədir. Öncə daha çox işləməliyik. Bundan sonra istədiyimiz yerə gedə biləcəyik. Məndə təzyiq yaratmır.

Elçin Əlixan

Xəbər xətti