Mikelsin dalınca baxma, "Sabah" QEYD

23:02 - 11 Avqust 2023

Murad Musayevin gəlişindən sonra sərgilədiyi oyunla böyük rəğbət qazanan “Sabah” qələbələri sıralamaqda davam edir. Ötən gün Konfrans Liqasında “Partizan”la görüşdə möhtəşəm oyun sərgiləyən təmsilçimiz 2:0 hesablı qələbə qazandı. Rəqibin nəhəng avrokubok təcrübəsinə malik olduğunu nəzərə alsaq, “Sabah”ın inamlı ev qələbəsinə rəğmən belə, rahatlaşmamalı olduğunu qeyd etməliyik. “Krasnodar”a rəhbərlik etdiyi vaxtlarda avrokuboklarda kifayət qədər təcrübə toplamış Murad Musayev də komandasını Serbiyada çətin matçın gözlədiyini yaxşı anlayır.

 “Sabah”ın “Partizan” üzərində qazandığı möhtəşəm qələbəni izləyənlər arasında azarkeşlərlə yanaşı, komandanın aparıcı oyunçularından biri Mikels də var idi. Oyundan bir gün əvvəl baş məşqçi Murad Musayevə yaxınlaşan alman futbolçu komandadan getmək istədiyini və “Partizan”la matça çıxmaq niyyətində olmadığını deyib. Mikelsin könülsüz halda meydana çıxmasının xeyirdən çox zərərlə nəticələnə biləcəyini düşünən rusiyalı mütəxəssis onun xidmətindən istifadə etməmək qərarına gəlib. 

Mikels sözsüz ki, yaxşı futbolçudur. “Sabah”ın heyətində belə oyunçuya həmişə ehtiyac var. Amma Mikels getmək istəyir. Müqaviləsində yer alan sərbəstqalma bəndinə görə, anlaşmada qeyd olunan məbləği ödəyən klub onun transferini reallaşdıra bilər. Səudiyyə Ərəbistanı klubundan “Sabah”da aldığından 4-5 dəfə çox maaş təklifi alan Mikels belə bir fürsəti əldən vermək istəmir. Ki, 30 yaşa çatan futbolçunun pulu düşünməsi anlaşılan məsələdir.  

“Sabah” bəlkə də, indikindən bir neçə dəfə çox maaş təklif etməklə Mikelsi saxlaya bilər(di). Lakin bu halda klubdaxili maaş balansı pozulacaq. Bir nəfərin digərlərindən qat-qat artıq maaş alması başqalarında narazılıq yarada bilər. Çünki “Sabah”da Mikels qədər əhəmiyyətli futbolçular da var - İsayev, Letiç, Çakla, İrasabal, Til...

Bu durumda bəlkə də ən xeyirlisi onun transferindən qazanc əldə etməklə növbəti belə futbolçunun axtarışına çıxmaqdır. Onu da vurğulamaq lazımdır ki, “Sabah” ölkədə skautinq işiylə seçilən klubdur. Yəni, yeni Mikelsi tapıb gətirmək klubun skautları üçün həyata keçirilməsi mümkün tapşırıqlardan sayılmalıdır. 

“Partizan”la Bakıdakı oyun göstərdi ki, “Sabah”ın gücü sistemdədir. Təbii ki, yaxşı futbol yaxşı futbolçularla oynanılır. Amma Murad Musayevin komandası ayrı-ayrı futbolçulardan asılı olmayan hala gəlib. Bu gün Mikelssiz də qarşıya qoyulan hədəfə çatmaq mümkündür. Klub üçün debüt ilində hər nə qədər qrup mərhələsi çətin görünsə də, “Sabah” sərgilədiyi oyunla hamıda ümid yaradıb. Belə görünür ki, Mikels gedəcək. Gedənin dalınca baxmaq lazım deyil, irəliyə baxmaq vaxtıdır.    

Həmid


 

Xəbər xətti