"Sabah" Avropa Konfrans Liqası III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Serbiyada "Partizan"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev açıqlamalar verib. Rusiyalı mütəxəssis rəqibdən qorxmadıqlarını bildirib:
"Bir həftə əvvəl Bakıda hər iki komandanın ifasında hücum futbolu izlədik. Sabah "Partizan" evdə oynayır. Onların yaxşı məşqçisi və komandası var. Fikrimcə, onlar irəli atılacaq və qol vurmaq istəyəcəklər. Sabah hər iki komandanın ifasında maraqlı futbol izləyəcəyimizi gözləyirəm. Bizim üçün çətin olacaq. Buna baxmayaraq, biz heç kimdən qorxmuruq. Sabah biz rəqibdən çəkinmədən mübarizə aparacaq və öz oyunumuzu sərgiləyəcəyik".
Musayev Premyer Liqanın 2-ci turunun "Sumqayıt"la matçının təxirə salınması haqda da danışıb. 40 yaşlı məşqçi bunu heyətdə zədəli oyunçuların olması ilə əlaqələndirib:
"Komandanın liderlərindən biri bizi tərk edib, bir neçə oyunçumuz da zədəli idi. Oyununun təxirə salınması ehtimalı mümkün olduqda bundan istifadə etmək qərarına gəldik. Bunun bizim xeyrimizə olub-olmamasını sabah görəcəyik. Mən düşünmürəm ki bu bizə hər hansı üstünlük verəcək".
Murad Musayev "Partizan"a qarşı müdafiə futbolu oynamayacaqlarını bildirib:
"Sabah əsas olan intizamlı olmaq və çox çalışmaqdır. Ötən mövsüm biz çempionatda ən az qol buraxan komanda olduq. Lakin müdafiə futbolu bizə uyğun deyil. Rəqib də öz şansını hücumda sınayacaq. Kimdə daha yaxşı alınacağını sabah görəcəyik".
saytlarin hazirlanmasi