Murad Musayev: "Bu gün hakimlik birtərəfli idi"

22:54 - 20 Avqust 2023

"Sabah" Azərbaycan Premyer Liqasının 3-cü turunda doğma meydanda "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün çıx yaxşı oyun göstərdik. Bərpa olunmaq üçün vaxtımız az idi. 120 dəqiqə oynayıb "Partizan"a məğlub olmaq futbolçular üçün psixoloji cəhətdən çətin oldu. Buna baxmayaraq, özlərində güc tapdılar. Məzmunlu oyun göstərdik. Komanda üç xal qazanmaq üçün əlindən gələni etdi. Bu gün futbolçuların heç birini qınaya bilmirəm. Əlimizə düşən qol fürsətlərini dəyərləndirə bilmədik. Bir səhv bizə baha başa gəldi.

- Qırmızı vərəqə gördüyünüz epizodu necə şərh edərdiniz?

- Rəqibin oyunu tez başlamasına mane oldum. Buna görə də hakim qırmızı vərəqə göstərdi.

- Amin Seydiyevə niyə sərt reaksiya verdiniz?

- Onu sakitləşdirmək istəyirdim, itələmək istəmirdim. Çünki, sarı vərəqə almışdı.

- Murad Musayev yenə qırmızı vərəqə gördü. Özünüz bu qədər gərginsiniz. Komandanı gərginlikdən necə çıxaracaqsız?

- Hansı gərginlikdən danışırsız? 85-ci dəqiqədə qırmızı vərəqə aldım. Qalib gəlmək istəyirdim. Rəqibin baş məşqçisi ilə dalaşmadım.

- Hakimə niyə etiraz edirdiniz?

- Ola bilər ki, qanımda nəsə maddə var, tam bilmirəm. Deyirsiz ki, Murad Musayev həmişə qırmızı vərəqə görür. Azərbaycanda hakimliyin səviyyəsinin bir qədər yaxşı olmasını istəyərdim. Bu gün hakimlik birtərəfli idi. Rəqibə sərt oynamağa imkan verdilər, bizə isə yox.

- "Partizan"la matçda komandaya yeni qoşulan Sofian Çaklaya kapitanlıq bazübəndini vermişdiniz. Bunun səbəbi nə idi?

- Bu gün "Sabah" - "Neftçi" matçı idi, "Partizan"la oynamırdıq. Komandanın əsas kapitanı Elvin Camalovdur. O, hazırda zədəlidir. İkinci kapitan Abdullaye Ba idi. Onun gedişindən sonra belə ki, seçimlər etməmişik. Kimdə liderlik keyfiyyəti varsa, kapitanlığı ona veririk. Bəzən elə futbolçular var ki, öz liderlik keyfiyyətləri ilə fərqlənir. Onlardan biri də Sofian Çakladır. Buna görə də kapitanlıq bazübəndini ona verdik.

- Komandanız qol fürsətlərini dəyərləndirə bilmirdi. Bunu necə həll etməyi düşünürsünüz? Coy Lens-Mikelslə Aleksey Kaşukun yeri görünür?

- Çalışacağıq ki, bunun üzərində işləyək. Bəli, düz qeyd etdiniz. Bu iki oyunçu 33 qol vurmuşdu. Digər futbolçular bu məsuliyyəti öz üzərinə götürməlidir. Bir-iki transfer etmək fikrimiz var. Üzərimizdə çalışacağıq. Başqa çıxış yolumuz yoxdur. 

- Avrokubok matçınızdan əvvəl "Sumqayıt"la oyununuz təxirə salındı. Bunun komandaya necə təsiri oldu?

- Cavab vermək çətindir. Uduzmuşuqsa, yəqin ki, xeyri olmayıb. Zədəli futbolçularımız da var idi.

Elçin Əlixan

Xəbər xətti