Azərbaycanlı futbol məşqçisi Adil Şükürov Sportal.az saytına müsahibə verib.
- "Neftçi" son turda "Qəbələ"yə qalib gəlməyi bacardı. Lakin komandada qeyri-stabillik var. Sizcə, Mutu "Neftçi"də müsbətə doğru işlər görə bilib və komanda çempionluq uğrunda mübarizədə yer alacaq?
- Adrian Mutu "Neftçi"yə gələn kimi komanda həmən dəyişəcəyini, "Qarabağ" kimi futbol oynayacağını, qarşısına çıxan bütün komandalardan üstün olacağını və vaxtından əvvəl çempionluğu rəsmiləşdirəcəyini fikirləşmək sadəcə sadəlövhlükdür. Azərbaycan Premyer Liqasının özünəməxsusluğu var. Hətta Con Toşak, Yuri Syomin kimi dünya səviyyəli məşqçilər belə, bizim çempionatda uğursuz oldular. Mutu yeni məşqçiliyə başlamış və tam olaraq məşqçi kimi özümü doğrultmamış biridir. Ona görə Mutu ilə 2+1 illik müqavilə imzalanıb. Bu isə o deməkdir ki, birinci ildə komanda formalaşdırılacaq və növbəti mövsümdə isə hədəf çempionluq olacaq. Bu amillərin hamısını nəzərə alaraq demək olar ki, komandaya cəlb olunan futbolçular gələn ilin komandasının özəyini təşkil edəcək. Düzdür, transferlərdə yalnışlıqlar olacaq və qaçılmazdır. Fikir verirsiz, "Neftçi" bu gün daha çox futbolçuların fərdi keyfiyyətləri hesabına oynayır, nəinki komanda kimi. "Qəbələ" ilə matç da bu məcrada keçdi.
- Ümumiyyətlə, "Neftçi"nin yay transferlərindən heç biri özünü göstərə bilmir. Zaman lazımdır, yoxsa sadəcə transferlər ümidləri doğrultmur?
- Transfer məsələsi çox incə məqamdır. Burada etdiyin transferlərdən bir və ya ən pis halda, ikisi yalnış ola bilər. Lakin "Neftçi"nin heyətinə baxdıqda görünən odur ki, Aaron Olanare digərləri ilə müqayisə gözləntiləri doğrultmur. Reziuan Mirzov oyundan-oyuna daha yaxşı performans göstərir. Müdafiə xəttinin oyunçuları uyğunlaşma prossesini daha tez keçdilər.
- Ötən mövsümün ikincisi "Sabah" bu mövsüm aşağı pillələrdə qərarlaşıb. Sizcə, bunun səbəbi nədir?
- "Sabah"da məşqçilər futbolçulardan daha çox qırmızı, sarı vərəqə ilə cəzalandırılıblar. Təbii ki, bu da futbolçulara təsirsiz ötüşməyə bilməz. Komanda daha çox qol vurmaqda əziyyət çəkir. Komanda yaxşı yerli və legioner futbolçulardan təşkil olunub. "Qarabağ"la oyunu nəzərə almasaq, geridə qalan turlar ərzində "Sabah" aqressiv və dominant futbol oynayıblar. Lakin bu aqressivlik cərimə meydançasına qədər olub. Əsas problem hücumların məntiqi sonluqla sonlandırılmamasıdır. Komandada ən azından qol imkanlarından yararlana biləcək bir hücumçunun mövcudluğu, futbolçuların daha güvənli oynamasının əsas şərtidir. Kollektivdə bu cür futbolçu iki nəfərdisə, bu, artıq böyük üstünlükdür.
- Komanda bu qədər Aleksey Kaşuk və Coy-Lens Mikkelsdən asılı idi?
- Mikels və Kaşuk ötən mövsüm "Sbaah"ın əvəzedilməz oyunçuları olduqlarını təsdiqlədilər. Yaxşı futbolçular idilər.
- "Zirə" ilə görüşdə "Sabah" hakimlikdən narazı qaldı. Bu haqda fikriniz necədir?
- Hakimlik mövzusu son dönəmlərdə Premyer Liqada çox qabardılır. Bəzən haqlı olaraq, bəzən isə əsassız. Maraqlı olan budur ki, bəzən məşqçilər komandalarına qarşı haqsızlıq olunduğunu iddia etdikləri matçlarda rəqib komandanın əleyhinə verilən haqsız qərarlara heç fikir bildirmirlər. Yaxud da, məşqçilər komandalarının əleyhinə verilmiş qərarlar haqda danışırlar, amma digər matçda lehinə qərar verilirsə, bu haqda heç danışmırlar. Sırf "Sabah" - "Zirə" görüşünə gəldikdə, "Zirə" ilə "Sumqayıt" görüşündə eyni qayda pozuntusuna görə qırmızı verən hakim, bu oyunda VAR-da oturur və heç nə olmamış kimi oyunu davam etdirir. Cərimə meydançasında rəqibə topsuz anda ayağına zərbə vurulur, amma heçkim bunu görmür. Bilirsiz, bəzən sanki belə bir steriotup formalaşıb ki, hansısa oyunda səhv qərar vermişəmsə, digər oyunda o komandanın lehinə qərar verməklə kompensasiya etmiş olaram. Həqiqətən də bu cür görünür.
Mirbağırağa
saytlarin hazirlanmasi