Futbolun İnkişaf Fondu (FİF) Premyer Liqa, I və II Liqa klubları ilə bağlı layihələrini davam etdirir.
Ötən il “Turan Tovuz”a avtobus alınmasında fəal iştirak edən qurum eyni işi “Kəpəz” üçün də görür. Bununla yanaşı, I və II Liqada çıxış edən bölgə komandalarına sponsor axtarışları davam etdirilir.
Sportal.az xəbər verir ki, FİF-in icraçı direktoru Tural Piriyev “report”a müsahibəsində görülən işlər barədə məlumat verib, həmçinin qarşıda duran hədəflərdən bəhs edib.
- İlk olaraq Futbolun İnkişaf Fondunun gördüyü son işlərlə bağlı məlumat verərdiniz...
- Sonuncu dəfə I və II Liqada çıxış edən region klubları ilə görüşümüz baş tutdu. Bizə müraciətlər çox olurdu. Hələ ki, onların bir qismi ilə əməkdaşlıq edirik. Tədbir vasitəsilə bacardığımız qədər digər klublara da dəstəyimizi çatdırmağa çalışdıq. Görüş zamanı əsasən maliyyə durumlarını müzakirə etdik, maraqlı tərəflərlə necə əlaqə qurmaq lazım olduğu barədə danışdıq. Məlumat verdik ki, prioritetlərə əsasən, ya bölgələrin futbol irsi baxımından, ya da klubların bu sahədəki həvəsinə əsasən iş görəcəyik. Klublara müəyyən istiqamətlər verdik. Sorğu da keçirdik. Yəqin ki, gedişata əsasən bir neçə klubla yaxından əməkdaşlıq edəcəyik.
- Sponsor axtarışları necə, davam edirmi?
- Bəli, davam edir. Böyük sahibkar bazası hazırlamışıq. Çünki hər bölgədən çoxsaylı adamlarla görüşürük. Bəzi sahibkarlar sponsor olmağa çəkinirlər. Çünki həm onlara görə böyük büdcə tələb olunur, həm də özlərini sponsor olmağa hazır görmürlər. Ancaq bölgə komandalarına dəstək göstərmək istəyirlər. Onlar üçün “Biznes klub” adlı məhsul hazırlamışıq. Hazırda bu məhsul Zaqatalada yekunlaşmaq üzrədir. Bu ilin sonunda və növbəti ilin əvvəlində daha iki regionda bu layihəyə başlayacağıq.
- “Biznes klub”da maliyyə dəstəyi hansı formada olacaq?
- Bir qrup sahibkar birləşir və onlara müəyyən imtiyazlar verilir. Məsələn, reklam yeri ayrılır, sahibkarların bir nümayəndəsi klubun İdarə Heyətində təmsil olunur. Həmçinin onlara aylıq hesabatlar verilir. Müəyyən olunan məbləğ klubdan, regiondan, oynadığı liqadan asılı olaraq dəyişir. Həmin məbləği ya illik, ya da aylıq olaraq hesaba köçürürlər. Kluba isə bu pul aylıq olaraq köçürülür.
- Klubların yanaşma tərzi və maddi durumları necədir?
- Məncə, hazırda region klublarının əsas problemi maddiyyat yox, strukturla bağlıdır. Klublarda çox ciddi kadr çatışmazlıqları var. Region təmsilçilərində məşqçilər korpusu, futbolçu heyəti var, bəzilərində idman direktoru, həkim, masajçı olur. Ancaq digər strukturdakı əməkdaşların sayı barmaqla sayılacaq qədər azdır. Məsələn, klublar deyirlər ki, sponsor tapmaq istəyirik. Amma bunun üçün irəli duran biri yoxdur. Və ya klublara oyun günü gəlirləri ilə bağlı nümunələr göstəririk. Ancaq bu işi görəcək nümayəndələri yoxdur. Klubun icraçı direktoru bilet satışı və ya sponsor cəlb edilməsi ilə məşğul olmamalıdır. Regionlarda kadr tapmaq çətindir, başa düşürük. Amma əcnəbi futbolçuya pul verib regiona gətirə bilirlərsə, Bakıdan da əməkdaş aparmaq mümkündür.
- Bir müddət əvvəl pul toplanaraq “Turan Tovuz”a avtobus alındı. Ardından “Kəpəz” üçün layihəyə start verildi. Premyer Liqa klubları ilə bağlı görülən işlər nə yerdədir?
- “Turan Tovuz” baş sponsorla müqavilə imzalasa da, bu klubla əməkdaşlığımızı davam etdiririk, müəyyən sahələr üzrə dəstəyimizi veririk. “Kəpəz”lə də mütəmadi əlaqədəyik. Düzdür, hazırda danışıq apardığımız aktual sahibkar yoxdur. Qarşıda sahibkarların iştirak edəcəyi daha geniş formatda tədbirimiz nəzərdə tutulub. “100k” layihəsində ilk hədəfimiz sadə insanları işə cəlb etmək idi. Daha sonra korporativ seqment aktivləşdirildi, müəyyən artım oldu. Hazırda dövlət proqramı çərçivəsində klubun özünün infrastruktur büdcəsi var. Böyük ehtimalla oradan da gücləri birləşdirərək, yaxın müddətdə “Kəpəz”ə avtobus alacağıq. Qarşıdakı tədbirdən sonra hansısa şirkətlərlə sponsorluq danışığını bərpa edə bilərik.
- Bölgədə fəaliyyət göstərən digər klub “Qəbələ”dir. Bu komanda ilə bağlı hansı işlər aparılır?
- Həm “Qəbələ”, həm də “Araz-Naxçıvan” ilə əməkdaşlıq edirik. “Araz-Naxçıvan”la strategiyanın yazılması ilə bağlı müəyyən işlər görülmüşdü. Rəhbər dəyişikliyindən sonra onların başı qarışıq oldu. Həmçinin bizdə də regionların sayı çoxaldığı üçün həmin məsələyə qayıda bilmədik. Lakin onlarla da əməkdaşlığımızın davamı nəzərdə tutulub. “Qəbələ” rəhbərliyi ilə görüşmüşük, ümumi fikir mübadiləsi aparmışıq. Açığı, biznes baxımından perspektivli bölgə deyil. Sahibkarlarla bağlı böyük məlumat bazamız yoxdur. Buna baxmayaraq, “Qəbələ” də nəzərimizdədir. Sponsorluqda olmasa da, digər sahələrdə dəstək nəzərdə tutulub.
- Sahibkarlar daha çox nədən ehtiyat edirlər? Aralarında yatırım edən kimi qazanc götürmək istəyənlər var?
- Futbolla bağlı bir çox iddialar var. Məsələn, deyirlər ki, sahibkarları futboldan küsdürüblər. Belə bir şey yoxdur. Ümumiyyətlə, böyük sahibkar kütləsinin bu sahə ilə bağlı məlumatı yoxdur. Məsələn, elə bilirik ki, bütün ölkə “Kəpəz”ə sponsor lazım olduğunu bilir. Balaca dünyamızda problemləri böyüdürük, hesab edirik ki, hamı məlumatlıdır. Sadəcə, sahibkarları cəlb etmək üçün düzgün strategiya qurmaq lazımdır. Sahibkarlara yanaşma illərlə fərqli olub. Son seminarda da bunu müzakirə etdik. Klub əsas götürür ki, tarixim var, oyunlarıma 7000 azarkeş gəlir, sponsorum olmalıdır. Buna sahibkarın gözü ilə də baxmaq lazımdır. Onun motivi nədir, buradan nə qazanacaq? Son dönəmlərdə həm regiondan çıxan, həm də hazırda orada fəaliyyət göstərən iş adamlarına üz tuturduq. Ancaq araşdırmaq lazımdır ki, başqa hansı motivlər sahibkarları cəlb edə bilər. Biznes kimi yanaşanlar var. FİF-in vasitəsilə “İmişli” ilə müqavilə imzalayan klubun baş sponsoru məsələyə daha çox uşaq futbolunun, akademiyanın inkişafı, klubun fəaliyyətdən gəlir götürmək istiqamətindən yanaşır. Ancaq başa düşürlər ki, futbol yatırım edib, gələn il qazanc götürəcəkləri sahə deyil. Burada da uzunmüddətli yanaşma lazımdır.
- Başqa hansı layihələr üzərində çalışırsınız?
- Sosial layihələrimiz davam edir. "Mina Təhlükəsinə dair Məlumatlandırma” layihəmiz var. Bu ilin sonuna qədər Tərtər və Ağdamda bu layihəni həyata keçirməyi planlaşdırırıq. “Kəpəz” və “Qarabağ” klubları bunda bizə dəstək olurlar. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), BMT-nin Uşaq Fondu (UNICEF), Beynəlxalq Qızıl Xaç Komitəsi layihənin tərəfdaşlarıdır.
- Futbolun İnkişaf Fondunun əməkdaşlıq etdiyi ölkələr var?
- Digər ölkələrdə bizim quruma oxşar fondlar var, onlarla şəbəkə qurmağı planlaşdırırıq. Artıq 4-5 ölkə ilə danışığımız olub. Avropa qurumları, UEFA və FIFA ilə əlaqələrimiz var.
- Əlaqədə olduğunuz həmin ölkələr hansılardır?
- Gürcüstan, Uels, İngiltərə və Qazaxıstanın fondu ilə danışıqlarımız olub. Gürcüstandakı qurum klublara ancaq maliyyə yardımı edir. Biz bunu işimizin formal hissəsi sayırıq. Uelsin fondu daha çox infrastruktur layihələrinə üstünlük verir. İngiltərə fondu həm uşaq futbolunun inkişafı, həm də infrastrukturla bağlı işlər görür. Biz isə klubların dayanıqlı inkişafını əsas hədəf qoymuşuq. Düşünürəm ki, ölkə sayı artdıqca danışıqlar əsnasında tərəflər üçün yeni işlər ortaya qoymaq mümkün olacaq.
saytlarin hazirlanmasi