"Sabah" Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.
Masazır təmsilçisinin ikinci qolunun müəllifi olan Namik Ələskərov matçdan sonra Sportal.az saytının əməkdaşının suallarını cavablandırıb:
- Hiss olunur ki, "Kəpəz" oyundan-oyuna inkişaf edir. Çox çətin oyun oldu. Biz də matça yaxşı hazırlaşmışdıq. İlk hissədə iki qol vurmağımız yaxşı oldu. Bu, qələbə qazanmağımızda əsas rol oynadı. Qol vurmasaydıq, rəqibin dözümü daha da artacaqdı. Onlar müdafiəyə çəkildəydi, bizim üçün çətin olardı. İstəyimiz tez qol vurmaq idi. Buna nail olduq, sevincliyik.
- Turnir cədvəlindəki mövqeyiniz komandanın oyununa təsir edir?
- Düzdür, gözləntilərin əksinə, mövsümə pis başladıq. Yavaş-yavaş oyunumuz da, nəticələr də düzəlir. Hələ qarşıda çox oyunlar var. Üst pillələrlə elə çox xal fərqimiz yoxdur. Qələbələri sıralasaq, rəqiblərə yaxınlaşa bilərik.
- Yeni transferlərin komandaya uyğunlaşması prosesi başa çatıb?
- Artıq yeni gələnlər komandaya adaptasiya olurlar, xeyir verirlər. Hamısı yaxşı və keyfiyyətli oyunçulardır. İnanırıq ki, bundan sonra komandaya daha da çox xeyir verəcəklər. Tək yenilər yox, hamımız əlimizdən gələni etməliyik.
- "Sabah"da stabillik çatışmır. Bunu nə ilə əlaqələndirmək olar?
- Düzdür, hələki ardıcıl qələbələr qazanan bilməmişik. Məncə, əsas problemimiz budur. Nə ilə bağlı olduğunu mən deyə bilmərəm. Ən böyük hədəfimiz odur ki, qışa qədər bacardığımız qədər qalibiyyətlər əldə edib maksimum yuxarı pillələrə qalxaq.
- Konfrans Liqasında "Partizan"a məğlubiyyətin komandaya psixoloji təsir qalıb?
Məncə, bunun təsiri yoxdur. İlk oyunlarda ola bilər ki, psixoloji olaraq təsir etsin. Amma artıq "Partizan"la oyundan xeyli vaxt keçib.
Elçin Əlixan
saytlarin hazirlanmasi