"Sabah"ın xəyalı QEYD

16:59 - 22 Fevral 2024

Murad Musayevin gedişindən sonra "Sabah"ın daha da enişə uğrayacağını ehtimal edənlər az deyildi. Əslində, bu barədə indi də qəti fikir söyləmək çətindir. Çünki mövsümün sonuna hələ çox var, avrokuboklar uğrunda mübarizə aparan komandaların sayı da az deyil. "Sabah" avrokuboklara vəsiqə qazansa, nəticə qənaətbəxş sayılacaq. Əks halda, mövsüm itirilmiş hesab ediləcək. 

İqor Ponomaryovun komandanı götürməsindən çox vaxt keçməsə də, artıq müəyyən konturlar cızmaq mümkündür. "Sabah" dəyişib, həm də yaxşıya doğru. "Qarabağ"a qarşı həm kubok, həm də çempionat matçında yaxşı görünən kollektiv, Premyer Liqada "Kəpəz"i məğlub etməklə turnir cədvəlindəki vəziyyətini bir qədər yaxşılaşdırdı. İndiki halda hətta ikinci yeri tutmaq belə, real hədəf kimi görünür. 

İqor Ponomaryovun gəlişi ilk növbədə komandanın əhval-ruhiyyəsi ilə bağlı dəyişikliyə səbəb oldu. İqor Anatolyeviçin işinə bələd olanlar bilir ki, onun ən üstün keyfiyyəti futbolçularla dil tapmaq bacarığıdır. Adi gözlə də baxanda, bugünkü "Sabah"ın ayrı-ayrı futbolçularında sərbəstlikdən doğan rahatçılığın müsbət təsirini görmək mümkündür. 

Onu da qeyd etmək lazımdır ki, "Sabah"dakı dəyişikliklər tək əhval-ruhiyyə ilə bağlı deyil. Ponomaryov ilk növbədə heyətlə bağlı korrektələrini edib. "Sabah"a gələndən bəri ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilən Rəhman Daşdəmirov artıq əsas heyət üzvünə çevrilib. Kahim Parris də stabil oynayır, həm də çox inamlı təsir bağışlayır. 

Heyətdəki dəyişikliklərin ən nəzərəçarpan adamı isə Xəyal Əliyevdi. 20 yaşlı gəncin "Kəpəz"lə matçın start heyətində yer alması nə qədər təəccüblü olsa da, onun sərgilədiyi futbol daha çox təəccüb hissi doğuran hadisə oldu. Özünü kifayət qədər sərbəst hiss edən Xəyal meydanda ən fəal görünən futbolçulardan biri oldu. İqor Ponomaryov Xəyal Əliyevə belə şans yaratmaqla, bir gəncin xəyallarına yol açmış oldu. 

"Sabah"ın bu mövsüm üçün xəyalı avrokuboklara düşməkdir. Hadisələrin gedişatı ümid verir ki, mövsümün sonunda həm xəyala çatsınlar, həm də Xəyala. 

Həmid

Xəbər xətti