"Sabah"ın futbolçusu: "İstənilən oyuna qələbə üçün çıxırıq" - MÜSAHİBƏ

14:58 - 9 May 2024

"Sabah"ın futbolçusu Tellur Mütəllimov Sportal.az saytına müsahibə verib:

- "Sabah" "Araz-Naxçıvan"la matçda qələbə qazanmağı bacardı. Görüşü ümumi olaraq necə şərh edərdin?

- Düzü,asan olmayacağını əvvəlcədən bilirdik. "Araz-Naxçıvan" bu mövsüm yaxşı təsir bağışlayır. Bundan öncəki turda səfərdə iddialı komandalardan olan "Zirə"ni məğlub etmişdilər.Ona görə də görüşün asan keçəcəyini gözləmirdik. Elə də oldu. İlk hissədə önə keçdik. Buna baxmayaraq, rəqib topa daha çox sahib idi. Fasilədən sonra isə üstünlük bizim tərəfimizdə idi. Fürsətlərimiz oldu, penalti də qazandıq. Lakin dəyərləndirə bilmədik. Əsas odur ki, bu vacib matçdan 3 xalla ayrıldıq.

- "Sabah" hazırda üçüncü pillədədir. Bu, sizi razı salan nəticədir?

- Əlbəttə mövsümü mümkün olduqca yüksək pillədə tamamlamaq istəyirik. Ancaq indi əsas olan hər növbəti oyunumuza köklənməyimizdir. Bizim uçun bu anda hər novbeti matç daha vacibdir. İnanıram ki, komanda olaraq mövsümün sonunda ən yaxşı nəticəyə nail olacağıq.

- Mövsümə heç yaxşı başlamamışdınız, ancaq sonradan yüksəlişə keçdiniz. Maraqlıdır, mövsümün əvvəlində baş verdi sonradan dəyişdi?

- Bu, futboldur. Bütün mövsümü eyni səviyyədə keçirmek çox çətindir. Hər komandada bu cür hallar baş verir. Bəzən yaxşı oynasan da, rəqibdən üstün olsan da, oyunu qalib başa vura bilmirsən. Bu da futbolun özəlliklərindən biridir. Əsas odur ki, uğursuz nəticəli qazandığımız oyunlarda da özümüzə inanırdıq.  

Murad Musayevin vaxtındakı "Sabah"la Krunoslav Renduliçin "Sabah"ı arasında fərq böyükdür?

Hər iki baş məşqçi ilə çalışmaq mənim üçün xoşdur. Hər bir mütexəssisin ozünəməxsus xüsusiyətləri, oyun tərzi olur. Müqayisə aparmaq istəməzdim. 

- Renduliçin sənə əsas heyət oyunçusu kimi baxdığı görünür, daim əsas heyətdə oynayırsanRenduliçin etimadını doğruldursan demək olar?

- Biz bir komandayıq. Hamı komandanın uğuru üçün çalışır. Futbolçular məşqlərdə də şans qazandıqda, meydanda da əlindən gələnin ən yaxşısını etməyə çalışır. Əlbəttə hər bir futbolçu start heyətdə yer almaq istəyər. Mən əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Etimad göstərdiyinə görə baş məşqciyə təşəkkür edirəm.

- "Sabah" növbəti turda "Qəbələ"nin qonağı olacaq. Yəqin ki, Premyer Liqadan düşəcəyi dəqiqləşən rəqibi məğlub etmək o qədər də çətin olmaz?

- Elə deməzdim. "Qəbələ" ilə səfər oyunları həmişə çətin olur. Hazırda son pillədə qərarlaşmaqları o demək deyil ki, onlarla oyun asan olacaq. "Qəbələ" ilə əvvəlki oyunlarımız da heç də asan olmamışdı. Son səfər oyunumuzda rəqib bizi məğlub etmişdi. Ona görə bu oyunun da asan olmayacağını bilirik

- Son iki turun "Sabah" üçün daha ağır təqvimin olduğunu demək olar? "Sumqayıt" və "Neftçi" ilə görüşlər sizi gözləyir.

- Çempionatda istənilən oyun çətindir. Bunu son oyunlarımıza baxaraq da görmək olar. İstənilən halda hər matçımıza qələbə üçün çıxırıq. Bu oyunlar da istisna olmayacaq. İnanıram ki, bu oyunların hər birindən yaxşı nəticə ilə ayrılaraq azarkeşlərimizi sevindirəcəyik.

Mirbağırağa

Xəbər xətti