Stanislav Çerçesov: "Azərbaycan tərəfdən heç bir rəsmi şəxslə danışmamışam" - MÜSAHİBƏ

10:00 - 12 İyun 2024

Qazaxıstan milli komandasının baş məşqçisi Stanislav Çerçesov da Macarıstanın Sombathey şəhərində keçirilmiş Azərbaycan - Qazaxıstan görüşün izləyib.

Sportal.az xəbər verir ki, rusiyalı mütəxəssis matçdan sonra müsahibə verib:

- Qarşılaşma barədə deyə bilərsiz?

- Yoxlama görüşü idi. Hər iki komanda hücumda istəkli idi. Azərbaycan millisini hər zaman hücumda olmağa daha həvəsli oynadığını bilirik. Ancaq müdafiəsində problemlər göründü. Qazaxıstan millisinin 2 real şansı oldu. Özümə görə çox şeylərin qeydini apardım. Yeni komandamın görüşünü canlı olaraq ilk dəfədir ki, görürdüm. Sakit, planlı şəkildə hərəkət edəcəyik.

- Sizcə, Azərbaycan millisi qələbəyə daha layiqli idi?

- Hesab tablodadadır. Azərbaycan Qazaxıstan millisinə qalib gəlib. Onları yalnız təbrik etmək olar. 

- Azərbaycan millisi haqda fikriniz necədir? Perspektiv var?

- Təqribən 5-6 ay öncə milliniz adına mənə müəyyən maraq göstərilirdi. Ona görə də komandanızı bəlkə də sizin özünüzdən daha yaxşı tanıyıram. Qazaxıstan millisi haqda isə danışa bilmərəm. Çünki cəmi 1 həftə əvvəl mənimə zəng gəldi. Azərbaycan yığması haqda isə bütün detalları deyə bilərəm. 

- Azərbaycan yığmasına baş məşqçi təyin olunmanıza mane oldu?

- Bilmirəm. Düzü, Azərbaycan tərəfdən heç bir rəsmi şəxslə danışmamışam. Ona görə də bu məsələdə heç bir sual yoxdur. Azərbaycan millisi öz, Qazaxıstan isə öz yolu ilə gedir.

- vaxtsa Azərbaycanda işləmək məsələsinə necə yanaşırsınız?

- Düzünü deyim, mən hansısa bayraq altında dayanıramsa, başqa heç nə barədə düşünmürəm. Nə vaxt həmin bayraq endirilər, növbəti səhifə haqda fikirləşmək mümkündür. İndi Qazaxıstan yığmasında işləyirəm. Futbolçularıma da bildirdim ki, sentyabrda məsuliyyətli matçlarımız olacaq. Artıq indidən rəqiblərimizin oyununu təhlil etməli və ciddi hazırlaşmalıyıq. Buna görə də Macarıstanı tərk etməyəcəm. AVRO-2024-ün Sloveniya - Serbiya qarşılaşmasına baxacam. Açılış görüşürdü. 

- Sizə Qazaxıstan millisi ilə dünya çempionatının final mərhələsinə vəsiqə qazanmağı arzulayırıq. Amma bir şərtlə ki, həmin turnirdə rəqiblərinizdən biri Azərbaycan yığması olsun...

- Kimsə bunun əleyhinə olsa da, mən heç vaxt! Bütün azərbaycanlı futbolsevərlərə salamımı çatdırıram. Azərbaycanla həmişə çox yaxşı, xoş münasibətlərim olub. "Qarabağ" bizi udsa da... Mən özümdən bəzi hallarda daha yaxşı olan rəqibə hörmət bəsləyirəm.

Mirbağırağa 

Xəbər xətti