"Sabah"ın legioneri Boyan Letiç Sportal.az saytına müsahibə verib.
- Sloveniyadakı toplanış necə alınır? Sizi narahat edən hansısa məqam var?
- Hər şey əladır. Bizi gözləyən qarşıdakı oyunlara mümkün qədər yaxşı hazırlaşmaq üçün hər cür şəraitimiz var. Öncə avrokuboklar matçımız var, daha sonra isə çempionat oyununa çıxacağıq. Narahat olmağa qətiyyən ehtiyac yoxdur. Mən hər məşqdən və hər oyundan həzz alıram. Təbii ki, bəzən hər şey tam olaraq istədiyini kimi getmir. Amma ardıcıllığı saxlamaq vacibdir. Çünki bu, böyük oyunçuların qərarıdır.
- Səncə, “Sabah” Sloveniyada üç yoxlama matçına çıxıb. Səncə, hansı matçda daha yaxşı oynadınız, “Koper”, “Çukariçki”, yoxsa “Krivbass”la görüş?
- Məncə, “Çukariçki” ilə görüşdə daha yaxşı oynadıq. Çünki bu oyunda rəqib bizə çox zona verdi. Onlar bizi son xətdə pressinq etmədilər. Hardasa, orta xətdə bizi qarşılayırdılar. Sadəcə onlara qarşı matçda sonluğu gətirmək çatmadı.. “Krivbass” isə daim pressinq edirdi. Fikrimcə, həmin oyunda da pis oynamadıq.
- Yəqin ki, daha çox Coy-Lens Mikelsin dönüşünə sevindin? Həmyerlin, Nyequşa Kusupoviç və ümumilikdə, digər transferlər barədə nə düşünürsən?
- Fikrimcə, o, yaxşı oyunçudur. Çox gənc və perspektivlidir. Ümid edirəm ki, liqaya tez bir zamanda öyrəşəcək və bizə çox kömək edəcək. Bu “transfer pəncərəsi”ndə gələn digər oyunçular haqda da belə düşünürəm. Məşqdə və matçlarda gördüklərimdən önə çıxaraq deyə bilərəm ki, komanda üçün faydalı olacaqlar. Düzünü desəm, Mikelsin gəlişi əvvəlkindən daha yaxşı oynamaq üçün əlavə motivasiya oldu. keçən mövsüm karyeramın ən yaxşısı olsa da, Allah qoysa, bu mövsüm də bunu təkrarlayacam. Ümid edirəm ki, Mikkelslə birlikdə əvvəlki kimi oynamağa davam edəcəyik. Çünki oyunda biz bir-birimizi çox yaxşı başa düşürük.
- Qarşıda “Sabah”ı “Makkabi”yə qarşı matç gözləyir. “Makkabi” ilə maraqlanırsan? Bəzi oyunçuları ayrılıb, sanki komandada qeyri-müəyyənlilik var. Onlar haqda hansı fikirdəsən?
- “Makkabi” çox güclü komandadır. Potensial rəqiblər arasında ən güclüsü düşdü. Bu, bizim üçün çox çətin olacaq. Çünki keçən mövsüm “Makkabi” Konfrans Liqasının 1/8 finalına qədər yüksəlmişdi. Amma futbolda hər şey mümkündür. Xüsusən də indiki vaxtda. Heç bir rəqibə qarşı oynamaq asan deyil. Futbol son illərdə çox inkişaf edib, rəqibi tapmaq üçün hər şey əlinizdədir. Bu gün matçları detallar müəyyənləşdirir.
- “Makkabi”yə qarşı səfər matçı İsraildə deyil, Macarıstanda keçiriləcək. Hayfada keçirilsəydi, yəqin ki, daha ağır olardı? Çünki onların çox güclü azarkeş ordusu var..
- Sözsüz ki, bu, bizim üçün İsraildə oynamaqdan daha asan görünür. Amma ötən mövsümə fikir versək, onlar avrkuboklar matçlarını yenə neytral meydanda keçirirdilər. Lakin bu, onların çox yaxşı nəticə əldə etməsinə mane olmadı. Asan olmayacağı dəqiqdir.
- “Makkabi”ni məğlub edib, bu səddi keçə biləcəyinizə inanırsan?
- Dediyim kimi, futbolda hər şey mümkündür. Təbii ki, “Makkabi”yə qalib gələcəyimizə hamımız inanırıq.
Mirbağırağa
saytlarin hazirlanmasi