İsrail milli komandasının sabiq yarımmüdafiəçisi Avi Nimni Konfrans Liqasının ikinci təsnifat mərhələsinin “Sabah” və “Makkabi” (Hayfa) komandaları arasında bu gün Masazırda keçiriləcək cavab oyunu (ilk oyun – 0:3) haqda fikirlərini bildirib.
Sportal.az İsrailin “sport1” portalına istinadən xəbər verir ki, veteran futbolçu Hayfa klubunun Bakıda geridönüş edəcəyinə inandığını bildirib:
"Mən qəti şəkildə inanıram ki, “Makkabi” geridönüş edə bilər. İlk matça baxdım və “Sabah”ın ən yaxşı halda orta səviyyəli komanda olduğunu düşünürəm. “Makkabi” həmin oyuna əqli hazırlıqlı və peşəkar səviyyədə yanaşmadı. Bu hər kəsin başına gələ bilər. 0:1 hesabı ilə uduzmaq olardı. Bu pis deyil, futbolda belə də alınır. Amma ikinci və üçüncü qolları buraxmaq artıq xoşagəlməz bir dad yaradır. Fərq çox böyük olsa da, 0:3-dən sonra yenidən qalib gəlmək mümkündür. Bununla belə, “Makkabi” “Sabah”dan qat-qat yaxşı komandadır. Həqiqətən ümid edirəm ki, “Makkabi” cavab matçında geridönüş etməyi bacaracaq".
Nimni "Makkabi"(Tel-Əviv), "Atletiko", "Derbi" klublarında oynayıb.
"Sabah" - "Makkabi" matçı "Bank Republika Arena"da keçiriləcək və saat 20:00-da başlayacaq.