"Sabah" Konfrans Liqası III tsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah Şotlandiyanın "Setn Patriks Atletik" klubunu qəbul edəcək.
Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduluç matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İlk matçda məğlub olmuşuq. Bilirik ki, sabah çox ağır oyun olacaq. Şanslar hər iki komanda üçün bərabərdir. Çalışacağıq ki, şansımızdan istifadə edək. Sabah üçün hazırıq. Bəzi çatışmazlıqlarımız var. İvan Lepiniça qırmızı vərəqəyə görə cəzalı durumdadır. Çalışacağıq ki, bunun həllini tapaq.
- İlk oyunda "Sabah" zəif təsir bağışladı. Sabahkı matç üçün oyun planınız necə olacaq?
- Müəyyən qədər sizinlə razıyam. Orada istədiyimiz oyunu sərgiləyə bilmədik. İlk hissədə oyuna nəzarət edirdik. Azlıqda qalandan sonra möhtəşəm performans göstərə bilməzdik. Fakt odur ki, biz uduzmuşuq. İlk oyundan əvvəl də demişdim ki, şanslar 50/50-dir.
- Müdafiə xətti son üç matçda zəif təsir bağışlayır. Bununla bağlı hansı həll yolunuz var?
- Resept çox sadədir, hər kəs müdafiəyə kömək etməlidir.
- "Makkabi" ilə parlaq oyundan sonra komandada eniş hiss olunur. Sizcə, bunun səbəbi nədir?
- Futbolda belə şeylər baş verir. "Makkabi" ilə oyunumuz bəlkə də 3 saat çəkdi. 72 saatdan az bir müddət sonra "Şamaxı" ilə oynadıq. Həm də saat 17:30-da. Əlbəttə bu, bəhanə deyil. Amma həmin matçdan sonra bəzi zədəlilərimiz oldu. Bundan öncə də Ayaz Quliyev zədələnmişdi. "Şamaxı" ilə görüşdə qapıya 2 zərbə oldu, ikisi də qolla nəticələndi. Bu, futboldur. "Zirə" ilə matçda penaltiyə qədər bərabər oyun gedirdi. Penalti oyunun taleyini həll etdi.
- Penaltilər seriyasına hazırlaşmısız?
- Komandada kimlərin penalti vurduğunu bilirəm. Amma sabahkı oyun penaltilər seriyasına kimi getməyəcək.
Elçin Əlixan
saytlarin hazirlanmasi