"Sabah"ın legioneri: "Azərbaycana gəlməmişdən qabaq Juninyo ilə danışmışdım" - MÜSAHİBƏ

12:49 - 29 Sentyabr 2024

"Sabah"ın müdafiəçisi İqor Noqeyra Sportal.az saytına müsahibə verib.

- "Sabah"ın heyətində debütün ötən turda "Səbail"lə görüşdə baş tutdu. Həmin görüşdə qələbə qazandınız. Debütünü necə dəyərləndirirsən?

- Süni meydança və ilk oyunum olduğunu nəzərə alsaq, debütümü yaxşı qiymətləndirirəm. Əlbəttə ki, “ASCO Arena”nın meydançasında oynamaq ağır idi. Amma mənim də istədiyim 100 faizli tam oyunu da bu matçda sərgiləyə bilmədim. Amma şadam ki, qalib gəldik. Ən önəmlisi qələbə qazanmaqdır.

- Debütün niyə bu qədər gecikdi?

- Mən komandaya ayyarım əvvəl qoşulmuşam. Bura gəlməmişdən qabaq komandada mənim mövqeyimdə çıxış edən oyunçular var idi. Həmişə yeni komandaya gələndə onlara hörmət edib, öz fürsətini gözləməlisən. O fürsət "Səbail"lə görüşdə mənə düşdü. Çox da yaxşı çıxış etməsəm də, öz səviyyəmə yaxın oynadım. Daha yaxşısı üçün çalışacam.

- Vaxtı ilə “Fiqueyrense”də “Qarabağ”ın forvardı Juninyo ilə, “Şaviş”də isə "Neftçi"nin indiki üzvü Rafael Quzzo ilə birlikdə oynamışdın. Gəlməmişdən qabaq onlarla danışmışdın? Xüsusən də, Juninyo ilə...

- 2018-ci ildə Juninyo ilə birlikdə oynamışam. Təkcə meydançada deyil, meydançadan kənarda da mənim çox yaxın dostumdur. Azərbaycana gəlməmişdən qabaq Juninyo ilə danışmışdım. Çempionatınız haqda yüksək, müsbət fikirlər səsləndirdi. Ölkəniz haqda da çox yaxşı sözlər dedi. Azərbaycanın gözəl ölkə olduğunu da bildirdi. "Sabah"a gəlişimdə bunların da rolu oldu. Sonda da bura gəlməyə qərar verdim.

- Artıq bu gün Juninyonun formasını geyindiyi "Qarabağ"la qarşılaşacaqsınız. Dostunla meydanda rəqib olmaq necə hissdir? Şansları necə dəyərləndirirsən?

- "Qarabağ" hörmət ediləsi çox böyük klubdur. Amma hər oyunda olduğu kimi bu matçda da şanslarımız 50/50-dir. Çünki 11 nəfər 11 futbolçuya qarşı mübarizə aparacaq. "Qarabağ"a hörmət edirik. Ancaq əlimizdən gələni edəcəyik ki, bu oyunda müsbət nəticə əldə edək.

- Juninyonu saxlamaq çətin olmayacaqki? Onu yaxından tanıyırsan, nə edəcəyini bilirsən...

- Juninyo mükəmməl oyunçudur. Düzü, mənim üçün yaxşı test olacaq. Amma mənə qarşı oynaması Juninyonun özü üçün də yaxşı test olacaq(gülür).

Mirbağırağa

Xəbər xətti