Çempionlar Liqasında 4 boksçumuzun hər biri qələbə qazandı

14:31 - 29 Sentyabr 2024

Azərbaycanda ilk dəfə İBA Çempionlar Gecəsi keçirilib.

Sportal.az xəbər verir ki, müxtəlif federasiya rəsmilərinin, xarici qonaqların və çoxsaylı azarkeşlərin Milli Gimnastika Arenasında izlədiyi gecədə rinqə ilk olaraq Sərxan Əliyevlə (71 kq, Azərbaycan) Monx-Erdene Urançimeq (Monqolustan) çıxıb. 6 raundluq döyüş boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb.

Dünya çempionatının mükafatçısının ardınca Avropa çempionumuz Nicat Hüseynov (51 kq) mübarizəyə qoşulub. Con Zulueta (Filippin) ilə döyüşən millinin üzvü rəqibini məğlub edib. O da 6 raundluq görüşü aktivinə yazıb.

Azərbaycan Boks Federasiyasının 100 illiyi çərçivəsində baş tutan gecədə azarkeşlərə növbəti sevinci Məhəmmədrəsul Məcidov (+92 kq) yaşadıb. Üçqat dünya çempionumuz 6 raundun yekununda qazaxıstanlı Nursultan Amanjolovdan güclü olub.

Komanda yoldaşlarının uğurunu Məhəmməd Abdullayev də davam etdirib. +92 kq-da döyüşən dünya çempionatının mükafatçısı Kristian Salsedonu (Kolumbiya) məğlub edib. Abdullayev 8 raundluq qarşılaşmanı aktivinə yazmaqla İBA Çempionlar Gecəsində 4-cü qələbəmizi rəsmiləşdirib.

Xəbər xətti