"Sabah"ın qapıçısı Nicat Mehbalıyev Sportal.az saytına müsahibə verib.
- "Neftçi" ilə görüşdə komandanız qələbəyə yaxın olsa da, bunu reallaşdırmaq alınmadı. Səbəbini nədə görürsən?
- "Neftçi" ilə oyun bizim üçün çox önəmli idi. Qələbə qazanmaq istəyirdik. Yaxşı hazırlaşmışdıq. Oyunu da yaxşı oynadıq. Amma bəzən futbolun da ədalətsizliyi olur. Məncə, bu oyunda futbol tanrısı "Neftçi" tərəfdə idi. Qalibiyyəti çox istəyirdik. Lakin alınmadı.
- Demək olar ki, sənin qoruduğun qapı tərəfdən təhlükəli epizod olmadı. Sənin özün üçün iş az oldu demək olar?
- Xeyr, mən belə deməzdim. Bu tip oyunlarda qapıçı üçün daha çətindir, nəinki çox epizod olan oyunlarda. Çünki bu tip matçlarda bir epizod olur, özünü məhz o epizoda fokuslamalısan. Mental baxımdan çox çətindir. O mənada deməzdim ki, mənim üçün asan oyun oldu. Oynadığım epizodlarda çalışırdım inamlı olum, qarantili oynayım ki, səhvə yol verməyim. Çünki düşünürdüm ki, hansı komanda qol vursa, qalib gələcək.
- Penaltidən fərqlənə bilməyən Cessi Sekidika oldu. Yəqin ki, həmin epizodda qol olacağını düşünürsün? Matçdan sonra üzrxahlıq etdi komandadan?
- Dünya ulduzları da penaltidən fərqlənə bilmirlər. Futbolda olan epizodlardır. Cessi bizim üçün çox önəmli futbolçudur. O, çətin oyunlarda bizə qolları, assitləri və mübarizliyi ilə bizə çox kömək edib, çox xilas edib.
- Artıq neçə oyundur ki, qapıda dayanırsan. Demək olar ki, əvvəlki özgüvən və inam qayıdıb geri? Belə davam edərsən, yəqin ki, milliyə də yol açılacaq yenidən?
- Qapıçı mövqeyi elədir ki, oynadıqca inam gəlir. Oynamaq həmişə lazımdır. Artırırsan, inkişaf edirsən. Milli komanda ilə bağlı suala həmişəki kimi cavab vermək istəmirəm. Dəvət etsələr, milli üçün canla-başla nə lazımdırsa, edərik. Çağırmasalar da, milli bizim ürəyimizdir. Allah qoysa, millimizin uğurları bol olsun.
- "Sabah"ın son oyunlarda qalib gələ bilməməsini nə ilə əlaqələndirirsən? Komanda pis oynamır, epizodlar da yaradır, amma qələbə yoxdur. Şanssızlıq, yoxsa son nöqtəni qoymaqda ustalıq səviyyəsi çatışmır?
- Komandamız pis oynamır, normal oynayırıq. Sadəcə alınmayanda alınmır. Bəzən "qara zolaq" olur. Hər şeyi edirsən, amma nəsə olur və qalib gələ bilmirsən. Allah qoysa, komanda olaraq bu durumdan çıxarıq. Hər gün çalışırıq.
- Növbəti turdakı rəqibiniz "Sumqayıt"dır. Onların baş məşqçisi dəyişib və ötən turda da qalib gəldilər. Onları məğlub etmək mümkün olacaq?
- Bir komandada baş məşqçi yenidirsə, artıq rəqib üçün təhlükəlidir. Çünki futbolçular daha istəkli olur, baş məşqçiyə göstərmək istəyir. Yeni taktika gəlir. Ona görə də çətindir. Azərbaycan çempionatında asan, zəif komanda yoxdur. "Kəpəz", "Sumqayıt" və digər komandalar...Hamı bir-birinə başağrı olub, xal ala bilər. Ona görə də daha ciddi hazırlaşıb, baş məşqçinin tapşırıqlarını yerinə yetirib, "Sumqayıt"la matçda qələbə qazanmaq üçün gedəcəyik.
Mirbağırağa
saytlarin hazirlanmasi