Ukraynanın "Polessye" klubunun azərbaycanlı futbolçusu, milli komandamızın üzvü Emil Mustafayev Sportal.az saytına müsahibə verib.
- "Polessye"də işlərin qaydasında gedir? İstədiyin qədər sənə şans verilir, yoxsa narazılığın var?
- Çempionatdakı oyunlar maraqlı və gərgin mübarizə şəraitində gedir. Mənə şans verilən vaxtı da komanda üçün ən yaxşısını etməyə çalışıram. Təbii ki, daha çox dəqiqələr meydanda olmaq istəyərdim. Amma indiki durumdan təbii ki, razı deyiləm. Məşqlərdə əlimdən gələni etməyə çalışıram.
- Komandan turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Növbəti turda isə sabiq komandan olan və hazırda ikinci pillədəki "Aleksandriya" ilə qarşılaşacaqsız. Sənin özün üçün prinsipial görüş olacaq?
- Bu oyun ümumilikdə özü prinsipiallıq daşıyacaq. Özü də, çox ağır matç olacaq. "Aleksandriya" çox yaxşı forma toplayıb. Onların məğlubiyyətsizlik seriyasına son qoymaq lazımdır. Komandamıza inanıram.
- Bu ay Azərbaycan millisinin oyunları olacaq. Fernandu Santuşdan dəvət gözləyirsən?
- Mən Azərbaycan millisindən dəvəti hər zaman gözləyirəm. Amma anlayıram ki, milli komandaya dəvət edilib-edilməməyim klubdakı oyunumdan asılıdır. Gözləyək, görək də necə olacaq.
- Portuqaliyalı mütəxəssis son toplanışda sizi milliyə cəlb etmədi. Bu səni narahat etdi? "Polessye"də bunu təəccüblə qarşılamadılar?
- Millidən dəvət gəlməyibsə, demək ki, klubdakı oyunlarda özümü o qədər də yaxşı tərəfdən göstərməmişəm. Hər halda, dəvəti göndərən baş məşqçidir. Klubda da ən yaxşısı üçün çalışıram.
- Azərbaycan millisi bu ay Estoniya və İsveçlə üz-üzə gələcək. Səncə, yığma komandamız bu iki görüşdə neçə xal toplaya bilər? Milli bu görüşlərdə uğurlu olmasa, Millətlər Liqasında D liqasına düşmək təhlükəsi daha da böyük olacaq. Millinin D liqasına düşməsi isə heç ictimaiyyət və azarkeşlər tərəfindən heç də yaxşı qarşılanmayacaq...
- Düşünürəm ki, vəziyyəti bu yerə çatdırmayacağıq. Milli komandamızın qarşıdakı görüşlərdə şansı var. Biz də bundan istifadə etməyə çalışacağıq. Əsas olan inamdır. İnanıram ki, hər şey yaxşı olacaq. Millidə hər kəs yaxşı nəticə üçün can atır.
saytlarin hazirlanmasi