"Sabah"ın kapitanı: "Heç birimiz bu vəziyyətdən məmnun deyilik"

15:45 - 26 Noyabr 2024

"Sabah"ın kapitanı Elvin Camalov Sportal.az saytına açıqlama verib.

O, komandasının Misli Premyer Liqasının 14-cü turunun "Turan Tovuz"la (1:1) görüşü haqda danışıb: 

"Tovuz səfərimiz həmişə çətin keçir. Bu dəfə də istisna olmadı. Komanda olaraq bu oyuna yaxşı hazırlaşmışdıq. Hamı bu oyunda qalib gələrək son matçlarda olan qələbəsizlik seriyasına son qoymaq istəyirdi. İlk hissədə fürsətlərimiz var idi. Fasilədən sonra qol buraxdıq. İşimiz daha da çətinləşdi. Buna baxmayaraq, hesabı bərabərləşdirə bildik. Qalib gəlmək istəyirdik. Təəssüf ki, alınmadı. "Turan Tovuz" bu mövsümdə avrokuboklara iddialı olan klublardandır. Onlara qarşı oyunumuzun çətin keçməsi də normaldır. "Turan Tovuz" liqada istənilən komanda üçün çətin rəqibdir. Komandaya inam olması müsbətdir. Nəzərə alaq ki, bu inamı da komanda əvvəlki mövsümlərdi nəticələri ilə qazanıb. İndi 5-ci pillədəyik. Bu pillənin komandanın potensialı ilə uyğun gəlmədiyi ilə razıyam. Heç birimiz bu vəziyyətdən məmnun deyilik. Vəziyyəti düzəltmək üçün vaxtımız da var. Ümid edirəm ki, tezliklə vəziyyəti düzəldərik".

Camalov, Misli Premyer Liqasının 15-ci turunda qarşılaşacaqları "Səbail"lə görüşdən gözləntilərini də bildirib: "İstənilən rəqiblə oyun asan olmur. Hər bir komanda qələbə qazanmaq istəyir və bunun üçün var qüvvəsi ilə mübarizə aparır. "Səbail"də yeni baş məşqçi dəyişikliyinin olması motivasiya baxımından onlara özünəinam qazandıra bilər. Biz də meydana qələbə qazanmaq üçün çıxacağıq. İnanıram ki, buna da nail olacağıq. Hamımız avrokuboklara yollanmaq üçün çalışırıq. Fikrimcə, avrokubok uğrunda sona qədər çox komanda mübarizə aparacaq. Biz də əlimizdən gələni edəcəyik ki, hədəflərimizə çataq".

Mirbağırağa

Xəbər xətti