"Qarabağ"ın sabiq futbolçusu Emin İmaməliyev Sportal.az saytına müsahibə verib. O, Ağdam klubunun forvardı Juninyo Olavionun “Sevilya”ya mümkün keçidini şərh edib.
- “Sevilya”nın Juninyo Olavionu istədiyi məlumdur. “Qarabağ" braziliyalını satacağı təqdirdə, onun səviyyəsində futbolçu ala biləcək?
- Juninyonun "Sevilya"ya mümkün gedişini mətbuatdan oxudum. Əlbəttə ki, onun gedişi "Qarabağ" üçün itki olacaq. Buna baxmayaraq, "Qarabağ"da onu əvəzləyəcək oyunçular da var. Juninyo gedərsə, ehtiyac olarsa, onun əvəzinə başqa hücumçu da ala bilərlər.
- Onun ötən mövsümkü qədər effektiv ola bilməməsini nə ilə əlaqələndirirsən? Bəlkə təlklifləri çox olduğu üçün “Qarabağ”da oyunlara fokuslana bilmirdi?
- Hər futbolçunun öz həyatı, öz karyerası var. "Sevilya" kimi klubdan təklif gəlirsə, burada "Qarabağ"ın da uğuru danılmazdır. "Qarabağ" avrokuboklarda göstərdiyi oyun ona sübutdur ki, komandamız Avropaya futbolçu sata bilir.
- İndinin özündə necə, “Qarabağ”da Juninyonu əvəzləyəcək hücumçu var?
- Məncə, "Qarabağ"da onu əvəzləyəcək futbolçular var. Amma dediyim kimi, klub lazım gələrsə, yeni hücumçu da ala bilər. Bunu zaman göstərəcək. İndidən bu haqda danışmaq doğru olmazdı. Çünki hələ Juninyo "Qarabağ"dadır.
- “Qarabağ” əvvəllər İbrahim Vadjini "Sent-Etyen"ə, Kadi Borgesi isə "Krasnodar"a satmışdı. Hər halda, “Sevilya”ya futbolçu satmaq daha cəlbedicidir. Juninyonun "Sevilya"ya satmaq "Qarabağ"ın daha üst səviyyədə olan futbol bazarına girməsi üçün əla şans olacaq?
- Onsuzda artıq neçə vaxtdır ki, "Qarabağ"ın futbolçuları Avropa klublarının maraq dairəsindədir. Təbii ki, bu dəfə "Sevilya"ya oyunçu satmaq daha cəlbedici olacaq. İstənilən halda, "Qarabağ"ın futbolçuları ilə həmişə maraqlanan komandalar var.
- Uzun illərdir ki, Avropa klubları "Qarabağ"ın legionerlərini istəyir, maraqlanır, transfer edir. Lakin azərbaycanlı oyunçuların transferi indiyə qədər baş tutmayıb. Bunu nə ilə əlaqələndirirsən?
- Adam çox istəyir ki, yerli futbolçularımız da Avropada oynasın, onlara da təkliflər gəlsin. Mənə də hərdən maraqlıdır ki, son vaxtlar nəyə görə yerli oyunçularımıza təklif gəlmir? Maraqlıdır. Bir növ də ola bilər ki, seçilmirlər, ya öz üzərilərində az işləyirlər, bilmirəm. Təklif gəlməsi üçün uğur qazanmalısan, Avropada oynayasan. İndiki dövrdə Avropada daha çox hücum mövqeyində oynayanlara üstünlük verirlər. Müdafiəçilərə çox da elçi düşən olmur. Yaxşı hücumçunu da dərhal danışıb, aparırlar. İnanıram ki, yaxın gələcəkdə yerli futbolçularımızdan da legioner həyatı yaşayanlar olacaq. Nə qədər çox azərbaycanlı futbolçu legioner həyatı yaşasa, millimiz üçün də uğurlu olar.
Mirbağırağa
saytlarin hazirlanmasi