AFFA "Turan Tovuz"a dəstək olmayacaq - "Büdcədə nəzərdə tutulmayıb"

11:46 - 25 Dekabr 2024

Süni örtüklü meydançaların futbolçular üçün nə qədər zərərli olması barədə çox danışılıb. Xüsusən də, Tovuza səfər edən komandaların məşqçiləri burada yaşadıqları çətinlikləri dilə gətirib. 

Lakin artıq ikinci mövsümdür ki, bu problem həllini tapmır. Deyəsən, bu gedişlə Tovuz stadionunun örtüyü ilə bağlı dolaşıq durum hələ uzun müddət belə qalacaq. Məsələ burasındadır ki, "Turan Tovuz"un rəhbəri AFFA-dan dəstək istəyir. Deyir ki, xərclərin 50 faizini özü qarşılasın, qalan yarısını da federasiya kömək eləsin, birləşib Tovuz stadionuna təbii örtüklü meydança salsınlar. 

Bu məsələ artıq ikinci ildir müzakirə olunsa da, AFFA Ehtiram Quliyevin səsinə səs vermək istəmir. Futbola xidmət etmək üçün İcraiyyə Komitəsində yer alan bir qrup şəxs də bu məsələdə səsini çıxarmaq istəmir. Sanki Ehtiram Quliyevi eşitmirlər, Tovuz stadionu ilə bağlı məsələdən xəbərsizdilər... Bu, bir daha onu göstərir ki, İK-da yer alanlar üçün önəmli olan kresloda əyləşməkdir. Təəssüf ki, orada nə üçün əyləşdiklərinin fərqində belə deyillər. 

Tovuz stadionu ilə bağlı AFFA-dan da açıqlama aldıq. Mətbuat xidmətindən qısaca bildirildi ki, 2025-ci ilin büdcəsində sözügedən məsələ ilə bağll maliyyə ayrılması nəzərdə tutulmayıb. 

İcraiyyə Komitəsində yer alanlar arasında "Qarabağ" və "Sabah" klublarının rəsmiləri də var. Qoy, onlar da hər dəfə Tovuza gələndə əziyyət çəksinlər, futbolçuları zədələrlə üzləşsin. Bu problemin həllində Ehtiram Quliyevi meydanda tək qoyanlar bilsinlər ki, bunun acısını tək "Turan Tovuz" yox, hamı yaşayır, yaşayacaq da! 

Həmid

Xəbər xətti