"Kəpəz"in müdafiəçisi Rauf Hüseynli Sportal.az saytına müsahibə verib.
- "Sumqayıt"la matçda qələbə qazandınız. Görüş haqda fikrin necədir?
- Çətin oyun oldu. İstədiyimiz nəticəni əldə etdik. Çalışdıq ki, həm yaxşı oyun göstərək, həm də yaxşı nəticə qazanaq. Düşünürəm ki, bunu etməyi bacardıq.
- Penaltini sən yerinə yetirdin. Bunun xüsusi səbəbi var idi?
- Xeyr. Sadəcə bundan əvvəlki oyunda da penaltini mən vurmuşdum deyə, bu dəfə də mənə güvəndilər. Etimadı doğruldduğuma görə sevinirəm.
- Sizin görüşdən bir gün qabaq keçirilmiş "Səbail" - "Zirə" görüşünü komanda şəklində izləyirdiz?
- Təkcə "Səbail"in yox, çempionatdakı bütün oyunları izləyirik. Xüsusi izləmirdik. Çünki öz oyunumuza köklənmişdik."Sumqayıt"la oyuna köklənmişdik ki, qələbə qazanaq.
- "Səbail"in məğlubiyyəti "Sumqayıt"la oyuna daha rahat çıxmağınıza təsir etdi?
- Təbii ki, təzyiqi üzərimizdən bir az atmışdıq. Amma bu oyuna ciddi hazırlaşmışdıq. Çünki "Sumqayıt"la xal fərqimiz də bir xal idi.
- "Şamaxı" və "Qəbələ" ilə birlikdə Premyer Liqadan düşmək təcrübəsi yaşamısan. "Atalar üçdən deyib", amma sən üçüncüdə Premyer Liqada qala bildin. Bu haqda nə deyə bilərsən?
- Bəxtsizlik olmuşdu. Xeyirlisi belə imiş. Allaha şükür, bu dəfə təkrarlanmadı və Premyer Liqada qala bildik.
- "Kəpəz"in bu sezon Premyer Liqadakı performansını necə dəyərləndirirsən?
- Xüsusilə qışdan sonra ən yaxşı nəticə əldə edən, çox xal toplayan komandalar sırasındayıq.
- İlk 8 turdan sonra xalınız yox idi və Premyer Liqadan düşməyə ən real namizəd idiz. Nəyi dəyişdiz?
- Komanda şəklində hamı məsuliyyəti dərk etdi. Oyundan-oyuna artırdıq. Həm məşqçilər, həm də oyunçular birlikdə çalışaraq bu vəziyyətdən çıxmağı bacardıq.
- Yeni sezonla bağlı planların necədir?
- Müqaviləm bitir. Qarşılıqlı razılıq olmalıdır. Hələ bu barədə düşünmürəm. Qarşıda "Qarabağ" və "Turan Tovuz"la oyunlarımız var. Həmin görüşlərdə də maksimum nəticə əldə edib, daha yuxarı pillələrdə yer almağı planlaşdırırıq.
- Legioner limitinin ləğvi azərbaycanlı futbolçuların Premyer Liqada oynamasına necə təsir edəcək?
- Xeyrinə, yoxsa ziyanınadır, bunu gələn sezon biləcəyik. Artıq qərar verilib. Danışmağın bir adı yoxdur.
- Azərbaycanlı futbolçuların kənarda qalacağını, klubların legionerlərə üstünlük verəcəyi təhlükəsini hiss etmirsənki?
- Daha çox çalışmaq lazımdır. Özünü daha çox sübut etməlisən.
Elçin Əlixan
saytlarin hazirlanmasi