"Neftçi" rəsmisi: "Çempionluğa namizədlərdən biri bizik"

20:15 - 13 Avqust 2025

"Neftçi"nin baş icraçı direktoru Cenk Sümer komandanın bu gün baş tutan məşqindən öncə media nümayəndələri ilə görüşüb.

Sportal.az klub rəsmisinin fikirlərini diqqətinizə çatdırır:

- Həftəsonu oynayacağımız matçla mövsümə start verəcəyik. Bizim üçün uğurlu mövsüm olmasını istəyirik. Keçən il təəssüf ki, bizim üçün uğursuz oldu. Çox iş gördük. Baş məşqçimizin istəklərinə uyğun transferlər etməyə çalışdıq. Heyətimizə önəmli oyunçular qatdıq. Həm "Neftçi"yə, həm də Azərbaycan futboluna faydalı olacaqlarına ümid edirik.

- Ötən mövsüm demişdiz ki, "Neftçi"də işlər düzələndə müsahibə verəcəm. Bu gün mətbuatın önünə çıxdız. Bu, hər şeyin yolunda gedəcəyinə əminliyinizdən irəli gəlir?

- "Neftçi" olaraq hər mövsümə uğurlu olmaq hədəfi ilə başlayırıq. Muzeyimizi kuboklarla doldurmaq istəyirik. Bütün etdiklərimiz hər şeyin yaxşı olması üçündür. Bu gün sizlərə xeyirli mövsüm diləmək üçün qarşınıza çıxdım.

- Transferlər çox oldu. Demək olar ki, bu heyət "Neftçi" tarixinin ən yüksək büdcəli komandadır?

- Transferlərin büdcəmizə uyğun olması üçün çox səy göstəririk. Baş məşqçimizin istədiyi mövqelərə onun istədiyi keyfiyyətlərə malik olan oyunçuları araşdıraraq transferlər etdik. Komandada balansı pozmayacaq şəkildə hərəkət etdik. Büdcənizə uyğun düzgün qərarlar verərək irəliləmək istəyirik.

- Ötən mövsüm "Neftçi" niyə uğursuz oldu?

- Bu, futboldur. Ötən mövsüm bir komanda quruldu. İnsanlarla çalışırıq. Futbolçu hər şeydən təsirlənə bilər. Bizi məyus edən oyunçular oldu. Bunların hamısını təhlil etdik. Baş məşqçimiz də 1-ci dövrdən sonra aramıza qatıldı. Onunla birlikdə hər oyun təhlillər aparıldı. Skaut departamentini genişləndirdik. Transferlərin əksəriyyəti onların fikirləri əsasında gerçəkləşdi. Ümid edirəm ki, bu mövsüm uğursuzluq yaşamayacağıq. "Neftçi" bir ailə oldu. Bunu təlim-məşq toplanışı zamanı da hiss etdik. Hazırda da hiss edirik. Yeni bazamız var. Artıq burada daha çox vaxt keçirə biləcəyik. Bunun nəticələrinin yaxşı olacağını düşünürük.

- Baş məşqçinin qarşısına hansı məqsəd qoyulub?

- Hədəfimiz həmişə təbii ki, finalı görməkdir. Çempionluq üçün danışmağın nə dərəcədə doğru olduğunu bilmirəm. Amma nəticə etibarilə uğurlu olmaq istəyirik. Çempionluğa namizədlərdən biri bizik. Bunun üçün mübarizə aparacağıq. Hədəfimiz azarkeşlərimizi, bizə inanan insanları xoşbəxt etməkdir.

Elçin Əlixan

Xəbər xətti