"Dambrauskasla "Omoniya"da işləməyim "Sabah"da da mənə çox kömək edir" - MÜSAHİBƏ

13:47 - 21 Oktyabr 2025

"Sabah"ın futbolçusu Velko Simiç Sportal.az saytına müsahibə verib.

- “Sabah" "Zirə" ilə matçda 3:0 hesabı ilə qalib gəldi. Görüşün sizin üçün əla alındığını demək olar? Yəqin ki, bu cür hesabı özünüz də gözləmirdiniz?

- Matç bizim üçün çox yaxşı keçdi. İlk dəqiqələrdən biz yüksək səviyyədə oynadıq. İntensiv futbol oynamağı bacardıq. Şübhəsiz ki, biz qələbəyə layiq idik.

- Bu matçda dubl etməyi bacardın. Öz performansından razı qaldın? 

- Qol vurmaq və komandanın qalib gəlməsinə kömək etmək həmişə xoşdur. Buna görə xoşbəxtəm. Təbii ki, meydana “Sabah”a kömək etmək üçün çıxmışdım. Şadam ki, bunu alındıra bildim.

- Demək olar ki, yavaş-yavaş "Sabah"a və Azərbaycan Premyer Liqasına adaptasiya olursan? Adaptasiya prosesi asan alındı, yoxsa çətin?

- Təbii ki, daimi olaraq komandaya xeyir verməyə çalışıram. Adaptasiya prosesi asan idi. Yaxşı kollektivimiz var və hamımız birlikdə uğurlu nəticə üçün mübarizə aparırıq.

- Müqavilə ilə "Sivasspor"a məxsussan və "Sabah"da icarə əsasında oynayacaqsan. Hər şey səni razı salarsa, "Sabah"da qalmağı düşünürsən?

- Hazırda “Sabah”da hər şeyi bəyənirəm. Hələ də “Sivasspor”la müqaviləm qüvvədədir. Görək gələn yay necə olacaq. Amma hələlik Bakıda yaşamaq çox xoşuma gəlir.

- Valdas Dambrauskasla əvvəllər "Omoniya"da işləmisən. Onunla işbirliyinə bələd olmağın "Sabah"dakı karyerana necə təsir edir?

- Əvvəllər Dambrauskasla “Omoniya”da işləməyim mənə “Sabah”da da çox kömək edir. Biz bir-birimizi yaxşı tanıyırıq. Onun oyun tərzi mənə çox uyğundur. 

- Necə düşünürsən, "Sabah" çempionluq uğrunda mübarizədə yer ala bilər, yoxsa, "Qarabağ"la mübarizə aparmaq çox çətindir?

- Biz addım-addım irəliləmək istəyirik. Ardıcıl oyunlarda qalib gələ biləcəyimizi sübut etməliyik. “Qarabağ” əla komandadır. Amma bu futboldur və hər kəsin xəyal qurmağa haqqı var.

- Növbəti turda rəqib "Araz-Naxçıvan"dır. Həmin görüşdə qələbə qazanmaq şanslarınızı necə dəyərləndirirsən?

- "Araz-Naxçıvan" da yaxşı rəqibdir. Çətin oyun olacaq. Biz öz oyunumuzu oynamalıyıq, belə olan halda şansımız daha böyükdür.

Mirbağırağa
 

Xəbər xətti