"Qarabağ"ın alındıra bilmədikləri - Qurban Qurbanovu razı salan məqamlar da var

13:00 - 11 Dekabr 2025

Hər bir komandanın oyununa qiymət vermək üçün şablon dəyərləndirmə var: yaxşı oynadı, pis oynadı və ya bərabərsəviyyəli oyun oldu. Bəzən gedişatın məntiqinə uyğun gəlməyən yaxşı oynayıb uduzmaq, pis oynayıb qalib gəlməklər də var. 

"Ayaks"a məğlubiyyətdən sonra Qurban Qurbanov komandanın oyunundan razı qaldığını deyib. Uduzulan matçdan sonra bir baş məşqçinin belə fikirlər səsləndirməsi adətən azarkeşlərdə qıcıq yaradır. Xüsusən də, "Ayaks"la oyundan sonra. Hamı qələbə gözləyirdi. Üç xal qazanılsaydı, "Qarabağ" 24-lükdə yer edəsiydi özünə. Hərçənd, Qurban Qurbanov oyundan qabaq da, hamının qələbəyə köklənməsini təhlükəli tendensiya kimi gördüyünü demişdi.

Azarkeşlərin narazılığı, məyusluğu anlaşılandır. Məğlubiyyət həmişə acı olur. Lakin məsələyə bir də Qurban Qurbanovun gözüylə baxmalıyıq. O da məyusdur, məğlubiyyət ona da acı gəlir. Amma həm də komandasının oyunundan razı qalıb. Bunun sözgəlişi ifadə, yoxsa məntiqli fikirlər olduğunu incələmək üçün bəzi nüanslara toxunmaq gərəkdir. 

Elementar olaraq "Qarabağ"ın vurduğu və buraxdığı qollara nəzər yetirməliyik. İlk qolda Yankoviç rəqib müdafiəsinin arxasına uzun top göndərir, Duran rəqib müdafiəçidən qaçıb qol vurur. Bu, taktiki çalışmanın, rəqibi dəqiq təhlil etməyin nəticəsidir. Hazır dayanıb "Qarabağ"ın hücumunu gözləyən müdafiəni bu cür yarmaq həm də ustalıq tələb edir. Duran hara açılmalıydı, onu bağlamalı olan müdafiəçinin sürət imkanları, Yankonun ötürməsi və s. detallar dəqiqliklə incələnmişdi. "Qarabağ"ın ikinci qolu da maraqlı kombinasiyadan sonra gerçəkləşdi. Oyunboyu biz "Qarabağ"ın top çevirmələrinə, paslaşmalarına, oyunqurmaq performansına şahidlik eləyirdik. "Qarabağ" baxımlı oyun sərgiləyirdi.

Bir də buraxılan qollara baxaq. İkisi uzaq məsafədən vurulan zərbə, ikisi də əks-hücum qolu. Koxalski əla qapıçıdır. Böyük ehtimalla, onu yaxşı qiymətə sata bilərlər gələcəkdə. Lakin polşalı qapıçının bəzi əskikləri gözdən qaçmır. Uzaq məsafələrdən vurulan zərbələr zamanı çatışmazlıqları üzə çıxır. "Ayaks"la oyunda bir neçə dəfə yaxşı seyvlər etdi. Amma uzaqdan vurulan zərbələri bəlkə də dəf edə bilərdi...

Əks-hücumlardan buraxılan qollara gəlincə, zənnimcə, "Qarabağ" tempə ayaq verə bilmədi. Açıq oynamağa başladılar, bu da müdafiədə boşluqların yaranmasıyla nəticələndi. Üçüncü qolda Elvin Cəfərquliyev mövqeyinə düşə bilmədi, dördüncü qol zamanı artıq taqətdən düşmüş təsiri bağışladı "Qarabağ"ın əksər oyunçuları. 

Ayrıca toxunulası yalnız bir məqam, daha dəqiq desək, bir adam qaldı - Nəriman Axundzadə. Cismani meydana daxil olsa da, oyuna girdiyi andan axıra qədər varlığı ilə yoxluğu bilinmədi. Özündən soruşsan, bəlkə də deyər ki, tək o deyil, sonradan girənlərdən digərləri də elə onun kimiydi. Yalnız Joni Montiel istisna. İspan 5-6 dəqiqə meydanda olsa da, Addaiyə möhtəşəm ötürməylə yadda qaldı. 

Həyatda başımıza gələnlərin dərs olduğu kimi, futbolda da hər oyun təcrübə baxımdan bir dərs sayılır. Bu, bahaya başa gələn dərs oldu. Real 3 xal əldən çıxdı. Amma həm Qurban Qurbanov, həm də rəhbərlik dərsini çıxarır belə məğlubiyyətlərdən. Çempionlar Liqasında oynamaq üçün daha yaxşı futbolçulara, daha geniş heyətə ehtiyac var. Sevindirici odur ki, sistem işləyir, məşqçi işi heyran edir. "Qarabağ" hətta bu heyətlə baxımlı oynayır, gözəgəlimli futbol sərgiləyir. Qurban Qurbanovu razı salan da elə budur.

Həmid

 

Xəbər xətti