"Araz-Naxçıvan"ın müdafiəçisi Bəxtiyar Həsənalızadə Sportal.az saytına müsahibə verib.
- "Araz-Naxçıvan"da işlər necə gedir? Sizi narazı salan, narahat edən nəsə var?
- Hər şey yaxşıdır. Məşqlərimizə də davam edirik. Çempionatın qış fasiləsindən sonrakı ilk oyunu üçün hazırlıqlarımız plana uyğun gedir. Gündə 2 dəfə məşqlərimizi edirik.
- İki yoxlama görüşü keçirmisiz, əvəzedici heyətə 7:0 qalib gəlmisiz, "Qəbələ"yə isə 0:1 uduzdunuz. Bu görüşlərdə komandanın oyun performansı özünüzü razı saldı?
- Yoldaşlıq matçlarında nəticə həqiqətən də önəmli deyil. Çünki əsas olan oyununu otuzdurmaqdır. İstər qələbə, istərsə də məğlubiyyət vacib olmur, əsas olan oyun sistemidir, hazırlıq səviyyəsidir. Meydanda bir-birimizi anlamağımız daha önəmli məsələdir.
- Elmar Baxşıyev postundan ayrıldı, onun əvəzinə Andrey Demçenko gətirildi. Yeni baş məşqçinin oyun ssiteminə, ümumiyyətlə ona öyrəşə bilmisiz?
- Bəli, yeni baş məşqçidir, onun özünəuyğun tələbləri var. Mümkün qədər çalışırıq ki, istəklərini dərk edib, həyata keçirək. Vaxtımız azdır, amma bu hazırlıq dönəmindən maksimum istifadə edirik.
- "Araz-Naxçıvan" mövsümün birinci hissəsində 6-cı pillədə başa vurdu. Daha yaxşı nəticəni özünüz də gözləyirdiz, yoxsa pis nəticə hesab etmirsən bunu?
- Məncə, normal nəticədir. Keçmişə qayıdıb, nəyisə hesab-kitab etmək indi bizə fayda verməz. Sadəcə çalışmalıyıq ki, meydandakı səhvlərimizi düzəldək.
- Əslində, avrokuboklara yaxşı başlamışdınız, "Aris"(Saloniki) kimi rəqibi keçmişdiniz. Ondan sonra da hər şey uğurlu alınsaydı, yəqin ki, Premyer Liqada da mövqeyiniz daha yüksək olacaqdı?
- Xeyirlisi nədirsə, o da olsun. Əvvəl yaxşı başlayıb, sonra hər şey pis də gedə bilər, pis start verib, yaxşıya doğru da dəyişmək olur. Futboldur da, hər şey mümkündür. Biz də çalışırıq ki, nəticələrimizi daha da yaxşılaşdıraq.
- "Araz-Naxçıvan" mövsümün ikinci hissəsində daha uğurlu ola biləcək səncə? "Araz-Naxçıvan"ın avrokuboklara vəsiqə qazanacağına inanırsan?
- Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Allah qoysa, bu məqsəd üçün sona qədər çalışacağıq. İnanıram ki, bunu bacaracağıq.
- Bu mövsüm daimi olaraq meydana çıxan oynayan azsaylı yerli futbolçulardansan. Milli komandaya cəlb olunacağınızı əvvəlki toplanışlarda gözləyirdin? Ən azından mart ayındakı görüşlər üçün millidən dəvət gözləyəcəksən?
- Milli komandada oynamaq hər futbolçu üçün arzudur. Mənim üçün də belə olub, indi də elədir. Bəzi dönəmlərdə millidə oynamaq üçün az da olsa, şans tapdım. Amma debütüm elə də ürəyimcə olmadı. İstəyərdim ki, milliyə dəvət alıb, oyunlarda iştirak edim. Milli komandaya xeyir vermək niyyətindəyəm. İstəyərdim ki, xalqımızın sevinməyində mənim də əməyim olsun. Xeyirlisi. Zaman hər şeyi göstərəcək.
Mirbağırağa
saytlarin hazirlanmasi
