Sona 4 tur qalmış ən yaxın izləyicisini 9 xal qabaqlayan "Şəfa"nın I Liqada çempionluğu əldən verəcəyi inandırıcı deyil. Necə deyərlər, paytaxt klubunun bir ayağı artıq Premyer Liqadadır.
Sportal.az saytının əldə etdiyi məlumata görə, klub artıq elita üçün hazırlıqlara başlayıb. Bəzi yerli futbolçularla danışıqlar aparılır, indidən bir neçə keçidi həll etməyə çalışırlar. Lakin yerli oyunçuların "Şəfa"ya "pul oxumaları" rəhbərliyi düşünməyə vadar edib.
Premyer Liqada yalnız yerli futbolçularla oynamaqda maraqlı olan klub bunun çətinliyini anlayıb. Az-çox səviyyəsi olan futbolçular real dəyərindən çox pul istəyirlər, ortabablarla oynamalı olsalar, hətta Premyer Liqada yerlərini qorumaları da sual altına düşə bilər. Ona görə də, gələcək strategiya ilə bağlı qeyri-müəyyənlik yaranıb. Legioner gətirmək istəmirlər, yerlilərlə də bu yolun sonu işıqlı görünmür.
Neçə müddətdir baş məşqçi ilə bağlı məsələ də, açıq qalmışdı. Bir neçə mütəxəssislə görüşən idarəçilər yekun qərara gəliblər. "Şəfa"nı Premyer Liqada hazırkı baş məşqçisi Elgiz Kərəmli çalışdıracaq. Elita səviyyəsində iş təcrübəsi olmayan mütəxəssisə güvənmək riskli olsa da, rəhbərlik komandanı Premyer Liqaya daşıyan məşqçi ilə yola davam etməyi daha doğru hesab edib.
saytlarin hazirlanmasi
