Dünya kuboku: 3 boksçumuz finala vəsiqə qazandı

11:35 - 26 Aprel 2026

Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə keçirilən Dünya Kubokunda yarımfinal mərhələsinin döyüşləri başa çatıb. 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin 3 idmançısı bu mərhələdə qələbə qazanaraq finala yüksəlib.

50 kq-da Sübhan Mamedov Anvarjan Xodjiyevlə (Qırğızıstan) üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 30:27, 30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib. O, finalda İssam Bensayarla (Mərakeş) döyüşəcək.

Səidcəmşid Cəfərov (75 kq) da komanda yoldaşının uğurunu davam etdirib. O, finala gedən yolda Qabriel Quidi Rontani (İtaliya) üzərində inamlı qələbə qazanıb – 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27). Cəfərov həlledici görüşdə Tauan Silva (Braziliya) ilə gücünü yoxlayacaq.

Məhəmməd Abdullayev (+90 kq) yarımfinalda da rinqdən qalib ayrılıb. Boksçumuz bu dəfə Omar Şinaya (Norveç) gücünü göstərib – 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28). Milli üzvü finalda Davit Çaloyanla (Ermənistan) qüvvəsini sınayacaq.

Nəbi İsgəndərov (70 kq) isə yarımfinalda Kaian Reisi (Braziliya) döyüşüb və rəqib finala vəsiqə qazandığından boksçumuz bürünc medala sahib olub.

Qeyd edək ki, Dünya Kubokuna aprelin 26-da yekun vurulacaq.

Xəbər xətti