Azərbaycanda uzun illərdə legioner həyatı yaşamış, hazırda "Konkordiya" klubunun baş məşqçisi olan Adrian Skarlatake Sportal.az saytına müsahibə verib. O, Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynovun “Petrolul”a keçidini şərh edib.
- “Petrolul”un Cəlal Hüseynovu transfer etməsinə reaksiyan necə oldu?
- Çox yaxşı. Cəlalın Rumıniya Super Liqasına gəlməsi yaxşı seçimdir. Səviyyəsi yaxşıdır və çox inkişaf edəcək. Bu, dəqiqdir. Onun üçün yaxşı və əlverişli transferdir. “Petrolul” da ciddi klubdur. Cəlalın “Petrolul”a keçməsi irəliyə doğru böyük addımdır. Onun adına xoşbəxtəm və əminəm ki, yaxşı təəssürat yaradacaq.
- “Zirə”də oynadığın vaxtda Cəlal da komanda yoldaşın olub. Həmin dönəmi necə xatırlayırsan?
- Bəli, mən "Zirə"də olanda Cəlal gənc oyunçu idi və əsas komandada məşq edirdi. O, "Petrolul" üçün vacib oyunçu ola bilər. Daha çox texnika tələb olunan Rumıniya futboluna tez uyğunlaşmalıdır. Onun bunu etmək üçün keyfiyyəti və bacarığı var.
- Cəlalın özünü “Petrolul”da yaxşı tərəfdən göstərməsi azərbaycanlı futbolçulara marağı artıra bilər?
- Əlbəttə. Niyə də olmasın? Azərbaycan Premyer Liqasında yaxşı yerli futbolçular da var. Onların bəziləri Rumıniya çempionatında da oynaya bilər. Ümid edirəm və inanıram ki, Cəlal Rumıniya çempionatında özünü ən yaxşı tərəfdən göstərəcək.
- Azərbaycan millisinin üzvü ilə birlikdə "Zirə"də oynamısansa, yəqin ki, onunla münasibətin də qalıb? “Petrolul”a keçidindən sonra danışığınız olub?
Xeyr, onunla telefonla danışığımız olmayıb. Amma dediyim kimi, “Zirə”də oynadığımızdan bəri tanışıq. O vaxtı çox gənc idi. Lakin yaxşı futbolçu olduğunu da xatırlayıram. Əgər imkan olarsa, əlbəttə ki, Rumıniyada onunla görüşəcək. Həm Rumıniya futbolu, həm də Rumıniyadakı yaşayışla bağlı ona məsləhət verməyə, kömək olmağa hazıram.
- Rumıniyadan daha güclü liqalara getmək daha asan olar...
- Elədir. Burada daimi olaraq oynayacağın və özünü göstərəcəyin təqdirdə, daha da güclü yerlərə getmək imkanın var. Cəlal da o potensiala sahibdir. Ümidvaram ki, “Petrolul”dakı karyerası uğurlu alınacaq.
Mirbağırağa
