Bağışlanma - Qurban Qurbanov daha bir şans verdi

14:00 - 22 İyun 2026

Günə maraqlı xəbərlə başladıq. Qurban Qurbanov Elvin Cəfərquliyevi bağışlayıb, onu "Qarabağ"ın Avstriyadakı toplanışına aparıblar. 

Komandanın azarkeşləri üçün sevindirici hadisədir. Hər nə qədər dəli-dolu adam olsa da, oyunçu kimi "Qarabağ"a çox lazımlı biridir. Bunu Çempionlar Liqası matçlarında bir daha isbat etdi. 

Elvini yaxından tanıyanlar deyirlər ki, rejimə riayət eləməyi sevən idmançı deyil. Fikri həmişə orda-burdadır. Sadə desək, cavanlıq sürməyi istəyən adamdır. Bunların nə qədər doğru, nə qədər yalan olmasını kənardan əminliklə iddia eləmək çətindir. Amma bilinən odur ki, Qurban Qurbanov onu məhz intizamsızlığa görə "Qarabağ"dan qovmuşdu. 

Elvin kimi adamların psixoloji portretini çəkmək çox çətindir. Bilmirsən dindardı, yoxsa dünyəvi həyat yaşayan gəncdir? Anlamaq olmur ki, hədəfi daha böyük futbolçu olmaqdır, yoxsa 3-5 manat qazanc üçün seçib futbolu? Xülasə, baş açılası adam deyil...

Belə bir fikir də var ki, Elvin xarici klubların birinə yollansa yaxşıdır. Mövqeyində yaxşı futbolçudur, amma bu zehniyyətlə başqa ölkədə möhkəmlənəcəyi heç inandırıcı gəlmir. 
Elvin Qurban Qurbanovdan bərk yapışsın.

Hələ ki onun yanındadı "Qarabağ"ın heyətində səviyyəsini qoruyub saxlaya biləcək. Yenə nə vaxtsa həngamə çıxartsa, daha çətin onu bağışlayarlar...

Fikrət

Xəbər xətti