"Qəbələ"nin kapitanı, Kaxaber Tsxadadzenin gedişindən sonra komandanı Misli Premyer liqasının 4-cü turunun "İmişli" ilə oyununa hazırlaşdıran Asif Məmmədov Sportal.az saytına müsahibə verib.
- "İmişli" ilə matçda qalib gəldiniz. Bu görüş haqda fikrin necədir?
- Oyun bizim üçün çox yaxşı başladı. Bu oyuna çox ciddi hazırlaşmışdıq. Bilirdik ki, bu matçda uduzsaq, yaxşı olmayacaq. Çünki ardıcıl qələbəsizlik olanda, qol vurmayanda istər-istəməz ruh düşkünlüyü yaşayırsan. Oyuna aqressiv və istəkli başlamağımızın nəticəsində qələbə qazandıq. Oyundan əvvəl futbolçulara tapşırmışdıq ki, nə qədər aqressiv olsaq, nə qədər döyüşsək... Taktika və texniki öz yerində, amma döyüşmək də lazımdır. Digər matçlara baxanda, bu görüşdə daha çox döyüşdük. Düzdür, futbol da oynadıq, imkanlarımız çox oldu. Nə qədər futbol oynasan da, mübarizə aparmasan, qələbə qazanmaq çətin olur.
- Sizcə, əvvəlki matçlarda nəyə görə qol vura bilmirdiniz?
- Nə deyim, vallah? Əvvəlki oyunlarla bağlı heç nə deməyəcəyəm. Çünki əvvəlki matçlar qaldı arxada. Baş məşqçimiz də dəyişdi. Əvvəlki matçlar haqda nəsə desəm, doğru olmazdı. Bundan sonrasına baxaq. Çox çalışmışdıq. Şükür Allaha, iki qol vurduq və qalib gəldik.
- Famil Xəlilov yığma komandaya getdikdən sonra əvəzedici heyəti oyunlara siz çalışdırırdınız. Bu dəfə əsas komandanı oyuna hazırladınız...
- Mən hazırlamadım. Hamı bilir, gizlədiləsi bir şey yoxdur, futbolçu kimi qeydiyyatda olsam da, məşqçilər korpusunda yer alırdım. Bəzən elə olur ki, futbolçu çatmayanda, məşq də edirəm. Əvəzedici heyəti götürməyə gəldikdə, təklif oldu, müsbət qarşıladım. Çünki A lisenziyası başlayır, hər şey ora hazırlıqdır, həm də məşqçiliyə də haradansa başlamaq lazımdır. Orada da işlərimiz yavaş-yavaş yaxşı gedir. Əvəzedici heyətdə məqsədimiz çempionluq deyil. Bizim orada məqsədimiz ən azı bu mövsüm 1-2 futbolçunu əsas komandaya yüksəltməkdir.
- Növbəti turda ağır Gəncə səfərinə gedirsiniz, "Kəpəz"lə qarşılaşacaqsınız. Bu oyun barədə nə deyərdiniz?
- İstirahətimiz olacaq. Ondan sonra "Kəpəz" matçı haqda düşünəcəyik. Gəncə səfəri həmişə ağır olub. İndi isə xüsusilə ağır olacaq. 8-9 min azarkeş gəlir yeni stadionlarına, ona görə ikiqat ağır olacaq. Çox ciddi hazırlaşırıq. Çünki istəyirik ki, daha da yuxarı pillələrə yüksələk. Əlimizdən gələni edəcəyik ki, bu matçda da hər şey yaxşı olsun.
- Belə çıxır ki, növbəti oyuna qədər yeni baş məşqçi təyinatı olmayacaq...
- Bu barədə nəsə deyə bilmərəm. Ola da bilər. Buna rəhbərlik qərar verir. Əgər baş məşqçi tapılsa, ola da bilər.
Mirbağırağa
saytlarin hazirlanmasi
