Şahin Oğuz: "Babək Quliyev kimi insanlara dəyər vermək lazımdır" MÜSAHİBƏ

11:59 - 25 Sentyabr 2013

"Belə şeylər bizi qətiyyən ruhdan salmır"

 

Sportal.az saytının baş redaktoru Şahin Oğuzun müsahibəsi

 

Yeni mövsümə yeni layihələrlə başladız. “Bizim futbol”, “Qızıl mərc” kimi verilişlər sportal.az-da işıq üzü gördü. Bu barədə nə deyərdiz?

Səhv etmirəmsə, Azərbaycanda ilk dəfədir ki, hansısa sırf idman saytı öz verilişini yayımlayır. Təbii ki, bu, müəyyən maliyyə vəsaiti tələb edirdi. Buna baxmayaraq yenilik etmək istəyimizi gerçəkləşdirə bildik. Artıq “Bizim futbol”un 3 buraxılışı olub. Mənə elə gəlir ki, bu veriliş qısa zamanda sayt istifadəçiləri arasında populyarlıq qazanacaq. “Qızıl mərc” də çox maraqlı layihədi və bu verilişin də özünü doğruldacağına inamım böyükdür.

 

Tanınmış beynəlxalq dərəcəli hakim Babək Quliyev bundan sonra “Bizim futbol”un daimi eksperti olacaq?

Bəli. Onun verilişdə daimi ekspert kimi iştirak etməsi reytinqə də öz təsirini göstərəcək. Ümumiyyətlə son bir il ərzində Babək Quliyevlə sıx əməkdaşlığımız nəticəsində özümüzə qarşı çox ayrı-seçkilik gördük. PFL jurnalistləri Türkiyəyə aparır, bir çox həmkarlarımız orada yer alsalar da, bizə dəvət gəlmir. Yeni ildə bütün mətbu orqanlara hədiyyə verilir, biz o siyahıda olmuruq. Halbuki Premyer Liqanı işıqlandıran saytlar arasında sportal.az-ın öz yeri var. Ancaq belə şeylər bizi qətiyyən ruhdan salmır. Və heç kim elə düşünməsin ki, bu hərəkətləri ilə bizi Babək Quliyevlə əməkdaşlıq etməkdən çəkindirə bilər. Həmişə Babək Quliyevin yanında olmuşam, bundan sonra da elə olacaq. Babək Quliyev kimi insanlara dəyər vermək lazımdır. Onun futbolumuz haqqında dediyi tənqidi fikirlərin həqiqəti əks etdirməsi heç kimə sirr deyil. Bu gün futbolumuzun durumu göz qabağındadır. Sadəcə bəzilər deyilən problemin mahiyyətini araşdırmaq əvəzinə başlayırlar o fikirləri deyən insanın şəxsiyyətini araşdırmağa. Yəni problemi aradan qaldırmaq əvəzinə problemi deyən adamı aradan qaldırmağa çalışırlar. Digər tərəfdən Babək Quliyevin fikirlərinə ağız büzən insanların çoxunun keçmişi qaranlıqdır.

 

Sportal.az-ın əməkdaşlarını heç  AFFA-da xarici səfərlərə aparmır.

Hə, belədir. Canları sağ olsun. Yəqin ki, bunun da kökündə tənqidi mövqe tutmağımız dayanır.

 

Saytda digər hansı yeniliklər olacaq?

İlk növbədə saytın dizayn tərtibatı dəyişəcək. Uşaq futboluna xüsusi yer verməyi düşünürük. Planımızda var ki, uşaq komandaların oyunlarından mütəmadi çəkilişlər edək. Bundan sonra fotoreportajlara da xüsusi önəm veriləcək. Zamanla izləyicilərimiz də saytdakı dəyişiklikləri görə biləcəklər.  

 

Elsevər Məmmədov

Xəbər xətti