İaşvili: "Üstünlük "Xəzər Lənkəran"da olsa da..." MÜSAHİBƏ

13:38 - 25 Sentyabr 2013

"Legionerlər elə bilməsinlər ki, burda oynamaq asandır"
 
"İnter"in gürcüstanlı yarımmüdafiəçisi Aleksandr İaşvili Sportal.az-a müsahibə verib. Təcrübəli futbolçu komandasını indiki vəziyyətindən və "Xəzər Lənkəran"la oyundan danışıb.
 
- Əvvəl “Bakı” ilə oyuna toxunaq...
- Rəqibin güclü olduğunu bilirdik. Həqiqətən də “Bakı”nın heyətində güclü futbolçular var. Ona görə də oyunun çətin keçəcəyini əvvəlcədən demək olardı. Nəzərə alın ki, biz də, “Bakı”  da məğlub olmuşdu. İki dəfə hesabda geri düşsək də, sonda məğlubiyyətdən qurtula bildik. “Bakı”  ilə oyunda bir xal qazanmaq da pis deyil. 
 
- “İnter”in oyunu niyə alınmır? Səncə, komandada nə çatmır?
- Əslində hər şey normaldır. Ümumi götürsək, “Bakı”  qarşı da çox yaxşı oynadıq. Sadəcə yaranan epizodlardan istifadə edə bilmədik. Bəlkə də bir az müdafiədə boşluqlar rəqibin qol vurmasına imkan yaradır. Ümumilikdə isə əksər oyunları yaxşı oynamışıq. Hardasa bəxt amilini də vurğulamaq olar. Belə baxanda mövsümə heç də yaxşı başlamamışıq. 
 
- Qarşıda sizi çətin Lənkəran səfəri gözləyir.“Xəzər Lənkəran”ın yüksəlişdə olduğunu nəzərə alsaq, favorit onları görmək olarmı?
- “Xəzər Lənkəran” da mövsümə yaxşı başlamamışdı. Artıq onların son oyunlarında yüksəliş hiss olunur. Demək olar ki, onlar oyununu tapıb. Sözsüz ki, böyük azarkeş kütləsi var və onların qarşısında oynayacağıq. Burda üstünlük “Xəzər Lənkəran”da olsa da, biz də qələbə üçün meydana çıxacağıq. Bizi çətin Lənkəran səfəri gözləyir. “Bakı”  ilə oyunda vurduğumuz bərabərlik qolu komandanın xeyrinə oldu. Əgər “Bakı”ya uduzsaydıq, səfərə ruh düşkünlüyü ilə yollanacağdıq. İndi isə əksinədir. “Xəzər Lənkəran”ı səfərdə məğlub edə bilsək, komandada daha böyük inam yaranacaq. Bizim üçün bu oyun dönüş nöqtəsidir. Çox çətin olacaq və güclü “Xəzər Lənkəran”la bizi asan oyun gözləmir. 
 
- Sən də başda olmaqla gələn legionerlər komandada uyğunlaşa bilmisiz?
- Bunun üçün müəyyən vaxt tələb olunur. Düzdü, təlim-məşq toplanışında komanda formalaşsa da, bir neçə futbolçu sonradan heyətə qoşuldu. Avropa Liqasında çıxışdan sonra bir qədər yorğunluq da oldu. “Tromse” məğlubiyyətindən sonra komanda özünə gələ bilmirdi. “İnter”in özünəməxsus bir sistemi var. Yeni gələnlərin də bura uyğunlaşması vaxt aparır. Ola bilsin ki, bu uyğunlaşmamaq komandamızın startda uğursuz çıxışına səbəb oldu. 
 
- Mətbuatda sənin özünü yaxşı tərəfdən göstərmədiyini, özünü doğrultmadığını yazırlar. Səbəb nədir?
- Ola bilsin ki, əvvəldə özümü yaxşı tərəfdən göstərə bilmədim. Sözsüz ki, istirahətdən qayıdan futbolçunun tam formada olması mümkün deyil. Ancaq mən peşəkaram və çalışıram ki, tam formada olum. Hardasa ilk turlarda çətinlik çəksəm də, artıq komandaya uyğunlaşıram. 
 
- “Bakı”  ilə oyunda qol vurmağın sənə stimul olacaq?
- Əlbəttə, hər bir futbolçunun istəyi qol vurmaqdır. Oyunum alınmayanda və qol vurmayanda bir qədər ruhdan düşürəm və ya əsəbləşirəm. “Bakı”   ilə oyunda fərqlənməyim mənə ikinci nəfəs verdi. Artıq bu bir stimuldur və “Xəzər Lənkəran”la oyuna ciddi hazırlaşıram. Mən də istəyərəm ki, yaxşı oyunumla və qollarımla “İnter”ə xeyir verim. Təki qolların ardı gəlsin və komandama qələbələr qazandırım. Əmin olun ki, buna çalışacağam.
 
- Adətən kənarda gələn futbolçular Azərbaycan Premyer Liqasını zəif hesab edir. Sən necə düşünürsən?
- Mən belə deməzdim. Əksinə burda oynamaq çox çətindir. Ən azından mübarizə aparmalısan, ustalıq səviyyən olmalıdır. Çempionatda mübarizə aparan komandalarda səviyyəli futbolçular var. Əksər komandaların heyəti də güclüdür. Kənardan gələnlər elə bilməsinlər ki, burda bir ayaqla oynamaq asan olacaq. Mən belə düşünmürəm və gələn oyunçular Azərbaycan Premyer Liqasında çıxış edən komandaları zəif saymasınlar. 
 
- “İnter”in mövsümə uğursuz başlaması onu sonra çempionluq yarışından kənarda qoya bilərmi?
- Hələ heç nə itirlməyib. Düzdü, çempionatın əvvəlində xeyli xalla itirsək də, hələ çempionluq əldən getməyib. Rəqiblərimiz də xallar itirib. Əsas mövsümə uğursuz başlamaq deyil, sonunu yaxşı gətirmək lazımdır. Bizim yaxşı heyətimiz var. İnanıram ki, bu “qara zolaq”dan çıxıb, çempionluq yarışında yer alacağıq. 
 
- Bu mübarizədə əsas rəqiblər kimi görürsən?
- Bayaq da dedim, Premyer Liqada güclü komandaların sayı çoxdur. “Qarabağ”, “Neftçi”, “Qəbələ”, elə “Bakı”nın özü də buna layiqdir. “Xəzər Lənkəran” da artıq tempi yığıb və yuxarı sıralara doğru gedir. Əslində bu uzun marafonda kim daha çox gücünü sona qədər qoruyub saxlasa, o da qalib olacaq. Çox çətinlik çəkirəm ki, kimin çempion olacağını deyim. 4 dövrəli sistem elədir ki, hər an lider dəyişə bilər və iddialılar arasında xal fərqi çox az ola bilər. Sıxlıq yaranar. Hər halda bizi çox qızğın mübarizə gözləyir. 
 
- Almaniyada “Bohum”da oynamısan və ordan hər hansı bir futboçunu komandanızda oynamasını təklif edə bilərsən?
- Niyə də olmasın? Əgər komandamızın gücünə güc qata biləcək və bura gəlməyi qəbul edən futbolçu olarsa, ona məsləhət görərdim. Almaniya çempionatı ilə Premyer Liqanı müqayisə etmək olmaz. Orda oynayan futbolçular daim Avropa skautlarını və iddialı komandalarının diqqətində olur. 
 
Elsevər MƏMMƏDOV

Xəbər xətti