BİABIRÇILIQ: PFL cəzalı futbolçunu mükafatlandırdı

16:03 - 25 Sentyabr 2013

Cavid Hüseynov ayın futbolçusu seçildi

 

Azərbaycan futbolu tarixində qeyri-adi hadisə gerçəkləşib.

Sportal.az xəbər verir ki, artıq neçə ildir jurnalistlər arasında sorğu ilə ayın ən yaxşısını müəyyənləşdirən Peşəkar Futbol Liqası bu dəfə cəzalı futbolçunu mükafatlandırıb. 


Avqustun ən yaxşısı seçilən Cavid Hüseynov guya hamıdan güclü olduğu avqust ayını qırmızı vərəqə ilə başa vurub. Yarımmüdafiəçi ötən ayın 31-də “Neftçi” ilə görüşün 48-ci dəqiqəsində aqressiv hərəkətə görə meydandan qovulmuşdu. Ayı qırmızı vərəqə ilə başa vuran Hüseynov həmin görüşdəki intizamsızlığı üzündən “Bakı”nı pis vəziyyətə salmışdı. 

Düzdür, azlıqda qalan paytaxtın eyniadlı təmsilçisi Cavidin yoxluğunu hiss etdirmədi və 3:0 hesabı ilə qalib gəldi. 

Futbolçunun “Neftçi”nin oyunçusuna qarşı aşkar kobudluğu, aqressivliyi cəzasız qala bilməzdi. AFFA-nın İntizam Komitəsi onun bu hərəkətinin başqaları üçün nümunə olmamağının qarşısını aldı. Ona 3 oyunluq cəza, klubuna 3 min manat cərimə kəsdi. AFFA bu yolla intizamsız oyunçuya “qulaqburması” verdi ki, digərləri, milli komandanın üzvünə baxan gənclər eyni kobudluq etməsin.

Elə bunun nəticəsidir ki, “Neftçi” ilə oyundan sonra Cavid hələ də yaşıl meydana çıxmır. Təbii ki, rəsmi oyunlara. Cəza üzündən komandasının son 2 oyununu tribunadan izləməli olan yarımmüdafiəçi hələ bu həftəki görüşü də buraxmalı olacaq. Komandasını 3 min manat ziyana salan, 3 tur ona kömək etməyən intizamsız futbolçu üçün “Bakı” Ekspert və Apelyasiya Komitəsinin də qapısını döyüb. Amma onlar da təsdiqləyib ki, avqust ayında intizamsızlıq edən Hüseynovun sentyabrda oynamaq hüququ yoxdur. Sentyabrda cəmi 3 tur var ki, futbolçunun da cəzası elə 3 oyunluqdur.

Meydana çıxmaq hüququ olmayan cəzalı futbolçunun avqustdakı oyunlarına daha bir qiymət isə bu gün verilib. PFL-in jurnalistlər arasında keçirdiyi səsvermənin nəticəsində ən yaxşı seçilən Cavid mükafatlandırılıb. Gənc futbolçular bundan nə nümunə götürəcək? Rəqibə qarşı aqressivlik edib, mükafat almaq həvəsinə düşmək? 

AFFA-nın cəzalandırdığı, 3 oyunluq, təxminən 1 aylıq meydanlardan kənar qoyduğu biri bu gün “sığal”a layiq görülür. Özü də həmin hərəkəti etdiyi ay üçün. 

Yeri gəlmişkən, dünya futbolu tarixində qırmızı vərəqə ilə cəzalanıb ardınca ən yaxşı seçilən var. Bu oyunçu DÇ-2006-nın “Qızıl top”unu əldə edən Zinəddin Zidandır. O da aqressivlik, həddən artıq aqressivlik üzündən meydandan qovulmuşdu. Özü də dünya çempionatının finalında. Bu qırmızı onun karyerasının da sonu idi. Amma Zidan mundialın ən yaxşısı olmuşdu. Cavid isə Zidan deyil!
 

 

mənbə:apasport.az

Xəbər xətti