Rəşad Sadıqov: "Hakimlər mövsümün əvvəlində səhvlərlə yadda qaldı"
"Qarabağ"ın müdafiəçisi Rəşad Sadıqovun Sportal.az-a müsahibəsi
- "Simurq"la oyunda komandana kömək edə bilmədin. Zədən nə yerdədir?
- Zədəm hələ tam sağalmayıb. Bu gün bir az məşq edəcəm və baxım ayağım necədir. Ayağımı dartmışam və ağrılarım var.
- "Neftçi" ilə oyunda komandana kömək edə bilməyəcəksən?
- Hələ dəqiq bilinmir. Həkimlər bu barədə bir söz deməyiblər.
- "Qarabağ" 3 oyundu qələbəyə həsrətdi. "Simurq"la oyunda da qalib gələ bilmədiniz. Hakimliklə də bağlı narazılıqların var idi. Bu oyunla bağlı nə deyərdin?
- Oyun bizim üçün ağır keçdi. "Simurq" bizim üçün həmişə narahat rəqib olub. 11 nəfərlə müdafiə olunan komandaya qarşı oynamaq çətindi. Xüsusilə də öz meydanında oynamırsan. Süni örtüklü meydanda oynamaq bizi narahat edirdi. Rəqib yaxşı müdafiə oldu. İstəkli idilər. Ümumiyyətlə bizə qarşı oynayanda komandalarda elə bil xüsusi istək olur. Bu normaldı, pis deyil. Ən azından 1 xal qazandıq. İki xal itirsək də, çempionat elədir ki, elə ola bilər iki oyun qələbə qazana bilməyəsən, elə ola bilər ki, 3 oyun qalib gələ bilərsən. Bu xal itkilərinə hazır olmaq lazımdır. Hələ çox xal itkiləri olacaq, amma çalışmaq lazımdır ki, bu minimuma ensin.
- "Qarabağ"ın bu son oyunlardakı nəticələrini komandanın uğursuzluğu ilə dəyərləndirirlər. Bəzilər isə komandanın hələ çempionata adaptasiya ola bilmədiyi ilə əlaqələndirir. Bəs sən nə ilə əlaqələndirirsən?
- Mən heç nə ilə əlaqələndirmirəm. Bu sırf futbolda baş verən hadisələrdir. Futbolda bu nəticələrə hazır olmaq lazımdır. Rəqiblərimiz yatmır, onlar da gecə-gündüz məşq edir. Heç kim əlini aşağı salıb bizə təslim olmaq istəməz. Mən sadəcə bunu rəqiblərimizin yaxşı oynaması ilə bağlayıram.
- "Qarabağ" çempionatda yüksək yerlər uğrunda mübarizə aparan komandalarla oyunda xal itirmir. "Simurq", "Rəvan", AZAL kimi komandalarla oyunda vacib xallar itirilir. Bu komandalar da çempionluğa oynayan komandalar deyillər...
- "Simurq"la oyunu çıxsaq, AZAL və "Rəvan"la oyunlarda biz böyükhesablı qələbə qazana bilərdik. Hər iki oyunda rəqib bir hücum təşkil etdi və bu da qolla nəticələndi. Biz də bir neçə qol vəziyyətindən yararlana bilmədik. "Simurq"la oyunda istədiyimiz kimi oynaya bilmədik, amma qalan oyunlarda xal itkisinə layiq deyildik. Qarşıdakı oyunlara hazırlaşırıq və bizi iki ağır oyun gözləyir. Heç kim yüz faiz deyə bilməz ki, biz o, oyunlarda qələbə qazanacağıq. Çempionat 36 turdan ibarətdir və bu nticələrə hazır olmaq lazımdır.
- "Simurq"la oyunda tirubunada hakimin idarəçiliyinə narazılıqlaını bildirirdin. Pealti vəziyyətinə görə narazılıq var idi?
- Yox, orada qırmızı vərəqə var idi və buna etirazımı bildirdim. 3 hakimdən birinin bu vəziyyəti görməməsi mənə qaranlıq qaldı. Hələ sual verdim ki, "3-nüzdən biriniz bunu görmədiniz?" Reynaldo təkbətək mübarizəyə gedir və burada onun yalandan yıxılmağının yeri yox idi. Dəlidi ki, öz-özünə yıxılsın? Sonra videoyazıya baxdıq gördük ki, təmiz qırmız vərəqədir.
- Ümumiyyətlə Azərbaycan Premyer Liqasında çox oyunlarda çıxış etmisən və bu mövsün hakim səhvləri pik həddə çatıb. Səncə, bu nə ilə bağlıdır?
- Bilmirəm bu nə ilə bağlıdı. Mən də bunu dəfələrlə qeyd etmişəm. Hakimlər də bilir ki, həmişə onların tərəfində olmuşam. Onlar da insandı və səhvə yol verə bilərlər. Bu il çempionatın startında çox səhvlər oldu. Bu da komandaların oyunlarının aqressivliyinə gətirib çıxardır. İnanıram ki, vaxt keçdikcə onlar da öz formalarını bərpa edəcəklər.
- Qarşıda sizi "Neftçi" ilə çətin oyun gözləyir. Prinsipial rəqibdi. Keçən il sizin oyunlarınız gərgin keçdi. Bu oyun barəsində nə deyə bilərsən?
- "Neftçi"yə qarşı oynamaq həmişə xoşdu. Çünki "Neftçi" elə bir komandadır ki, meydana yalnız futbol oynamağa çıxır. Bizim çempionatda tək-tük komandalar var ki, meydana futbol oynamağa çıxır. Digər komandalar dağıdıcı futbol funksiyasını yerinə yetirir. Elə olur ki, "Neftçi"yə məğlub olanda ləzzət alırsan. Çünki meydanda gözəl oyun gedir. Hər iki tərəf bir-birilərinə layiq rəqiblərdir. Fikirləşirəm ki, bu oyunlar elə bir həddə gəlib çatıb ki, bu oyunları derbi adlandırmaq olar. Keçən mövsüm ən maraqlı oyunlar bu komandalar arasında keçdi.
- Bu 3 oyunluq nəticədən sonra düşünürsən qalib gələcəksiniz?
- Bu barədə qəti düşünmürəm. Biz oyuna hazırlaşırıq. "Neftçi" güclü komandadır. Onların hücum xətti inamlı təsir bağışlayır. Bu ildə müdafiələrini gücləndiriblər. Bizi çətin və maraqlı oyun gözləyir.
Elsevər MƏMMƏDOV
saytlarin hazirlanmasi