Xəqani Məmmədov pulları hara xərcləyir?
Bir neçə gün öncə qulağıma belə bir xəbər çatdı ki, Xaqani Məmmədov nərd sevdasına düşüb. Hakimbaşı özünə təzə sənət tapıb. AFFA-da 9 saatlıq iş günü var. Xaqani Məmmədov da bu 9 saatın 6-sını nərd oynamağa, 3-nü nərdin möhtəşəm ab-havasından sonra otağı yığışdırmağa sərf edir. Özü də ən çox da atdığı zər "dübarə"dir. Atdığı “dü dü dü”-lərdən sonra qarşısındakı rəqibi Məmmədovu alqışlayıb, şərəfinə bir əhsən deyir.
Məmmədov da udduğu üçün sevincindən yerə-göyə sığmayıb “bir çay gəlsin, gəl bir dənə də sənə mars verim” davam edir. Heç yadına da düşmür ki, axı o Hakimlər Komitəsinin sədridir. Davam “dü dü dü”lərə doğru.
Təsəvvür edin, otağına Rəhim Həsənov girir. Xaqani müəllim…
Xaqani: Ə, Rəhim gəl otur sənə də bir mars verim.
Rəhim: Xaqani müəllim bəs…
Xaqani: Ə, boş ver. Uzağı “Xəzər Lənkəran”ın qapısına bir penalti verərsən bitər hər şey…
Baxın cənab Rövnəq Abdullayev, xalqımızın haqqı olan neftdən gələn pullar necə havaya sovrulur. Hər il hakimlər üçün xaricdə toplanışlar təşkil olunur. Amma Xaqani Azərbaycanda otağına gələnlərin hamısını məğlub edib (yalandan uduzurlar hakimbaşıya) xaricdə özünə rəqib axtarır. Gününü nərd oynamaqla keçirən Komitə sədri hakimlərlə işləməyin nə qədər çətin olduğunu artıq anlayıb. “Uzaqgörən” Məmmədov özünü yeni işə, yeni sənətə hazırlayır.
Nə vaxtsa Azərbaycan Nərd Federasiyası yaradılsa, prezident kürsüsünə ən real namizəd məhz Xaqani Məmmədovdur. Zarafat deyil ki, kişi özünə əməlli-başlı sənət tapıb.
Əslində Xaqani Məmmədovun nərdi seçməyində səbəb var. Çünki nərd elə bir oyundur ki, orda sənə zər nə verdi onu oynayırsan. Məsələn, şahmatı oynamaq üçün gediş, ağıl lazımdır. Amma nərddə buna ehtiyac yoxdur. Ona görə Xaqani Məmmədov nərdi seçib ki, onun hakimləri də belədir. Oyunda “tutar qatıq, tutmaz ayran” deyib qərar verirlər. Nərdlə, Hakimlər Komitəsinin belə oxşarlığı var.
Cənab Rövnəq Abdullayev, sizi vaxtında tənqid edirdilər ki, AFFA-da özünüzün otağı yoxdur, orada oturmursuz. Baxın, bu tənqidlər özünü göstərir. Xaqani Məmmədovun Hakimlər Komitəsinin otağında nərd oynaması dəqiqdir. Çünki bunları sizin qurumda işləyən insanlar deyib, biz kəşf eləməmişik.
P:S: Cənab Rövnəq Abdullayev, bir baxın, büdcədən gedən pulları kim, hara və nəyə xərcləyir? Xaqani Məmmədov Hakimlər Komitəsinə ayrılan pulların hamısına nərdtaxta alır.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi