"Əlimdən gələni edirəm ki, komandamın seçimini doğruldum" MÜSAHİBƏ

00:28 - 6 Oktyabr 2013

Novruz Məmmədov:"Hesab bərabər olandan sonra uduzmamağa çalışdıq"
 
 
"Rəvan"ın kapitanı Novruz Məmmədovun Sportal.az-a müsahibəsi:
 
-  "XL"lə oyun haqqında nə deyə bilərsən?
- Çempionatda hər oyun olduğu kimi, bu oyunda çətin oldu. Hesabda 1:0 irəlidə olsaq da, sonuna qədər bu hesabı qoruya bilmədik. Hesab bərabər olandan sonra uduzmamağa çalışdıq və sonda bir xal qazandıq.
 
- İlk dövrə başa çatdı və "Rəvan" cəmi 6 xal topladı. İlk dövrəni necə dəyərləndirirsən?
- Düzdür, bu nəticə qənaətbəxş deyil. Amma çempionatın gedişində komandaya yeni oyunçular gəlirdi, heyət tam yığılmırdı,bu da oyuna təsir edən amil idi. Amma son oyunlarda öz oyunumuzu tapmışdıq.
 
- "XL"lə oyundan sonra klub rəhbərliyi baş məşqçini istefaya göndərdi. Bu sizin oyununuza təsir edəcəkmi?
- Mən də baş məşqçinin getməyini təzə öyrəndim. Bu gediş komandaya təsir edib-etməyəcəyini gələcək oyunlarda görəcəyik. Bir daha xatırladıram, komanda son oyunlarda öz oyununu tapmağa başlamışdı.
 
- "XL"lə oyunda meydanda ən yaxşıladan biri də sən idin. Öz oyununu necə dəyərləndirirsən?
- Mənim öz oyunumu dəyərləndirməyim düzgün çıxmaz. Çalışıram ki, oyundan oyuna daha yaxşı oynayım və əvvəlki formamı qaytarım. Bunun üçün də var gücümlə çalışıram.
 
- Gənc oyunçusan, həm də kapitansan. Meydanda Aqil Nəbiyev  və Rəşad Abdullayev kimi futbolçuları arxanda daşımaq çətin deyilki?
- Onlar həmişə  mənə kömək edir. Bu seçim də komanda içində olub. Meydanda əlimdən gələni edirəm ki, komanda yoldaşlarımın seçimini doğruldum.
 
- Milli komandaya dəvət almağı  gözləyirsən?
- Əlbəttə, kim istəməz ki, millidə oynamasın. Amma keçən il klubda çox oynaya bilmədim, amma bu il çox oynamaq istəyirəm, bunun üçün də çalışıram.
 
Yusif HÜSEYN

Xəbər xətti