"Hər bir futbolçu əsas heyətdə meydana çıxmaq istəyər"
“Xəzər Lənkəran”ın braziliyalı qapıçısı Duqlas Leytenin Sportal.az-a müsahibəsi
- “Rəvan”la oyunda “Xəzər Lənkəran”da ilk rəsmi matçınıza çıxdınız. Oyunla bağlı təəssüratlarınız necədir?
- Hər bir futbolçu əsas heyətd meydana çıxanda özünü yaxşı hiss edir. Əvvəl-axır hansısa bir matçda oynayacaqdım ki, bu da “Rəvan”la matça təsadüf etdi. Ancaq çox təəssüf ki, debüt matçımda komandam yenə qələbə qazana bilmədi. Çalışdım ki, 3 xal qazanmaqda mənim də rolum olsun.
- Debütünüzün XL" gəldikdən iki ay sonra baş tutacağı heç ağlınıza gələrdimi?
- Mənim işim yaxşı hazırlaşmaq və hər an oyuna hazır olmaqdır. Oyunçuları isə meydana buraxan məşqçidir. Futbolçuları o seçir. Biz isə meydana çıxmaq üçün zamanımızı gözləməliyik. Yenə mənə şans verilsə, “Xəzər Lənkəran” üçün əlimdən gələni edərəm.
- İlk oyununu necə dəyərləndirirsiniz?
- Buna oyuna baxanlar cavab versə, yaxşı olar.
- “Rəvan”la oyun haqqında nə deyə bilərsiniz?
- Oyunun əvvəlindən sonuna kimi topa nəzarət etdik. Rəqibdən çox üstün oynadıq. Ancaq təəssüf ki, top “Rəvan”ın qapısına girmək istəmədi. Səviyyəli oyunçularımız var. Ancaq bəxtsizlikdən onlar da rəqibə qol vura bilmirdi. Düşünürəm ki, zamanı gələcək, bu problem də aradan qalxacaq.
- Komandanız cari mövsüm qeyri-sabit qrafik cızır. Qələbə qazana bilməməyinizi yalnız bəxtsizlikdə görürsünüz?
- Futbolçular həmişə bir yerə yığılanda bu haqda söhbət edirik. Müzakirə etməklə bunun səbəblərini öyrənməyə çalışırıq. Qeydə alınan nəticələr də komandada sabitliyin çatışmadığını göstərir. Milli komandaların oyunları ilə əlaqədar olaraq 2 həftəlik fasilə olacaq. Bu müddətdə də çalışacağıq ki, həmin problemi yoluna qoyaq.
Elsevər MƏMMƏDOV
saytlarin hazirlanmasi