Ən çox azarkeş 4-cü tura gəlib
Premyer Liqanın I dövrəsinin oyunlarını 81 min 850 tamaşaçı izləyib. Ötən 9 turun 45 oyununda orta tamaşaçı sayı 1819-a bərabər olub.
Sportal.az xəbər verir ki, bunun yarıdan çoxu ev oyunlarında ən çox tamaşaçı toplayan 2 klubun hesabındadır. “Xəzər Lənkəran” ən yaxın izləyicisi “Sumqayıt”ı da tamaşaçı sayında 2 dəfədən çox qabaqlayaraq neçə illərdir lideri olduğu göstəricidə yenə öndədir. 2-ci olan “gənclik şəhəri” təmsilçisi də öz növbəsində 3-cü yerdən 2 dəfədən çox üstünlük əldə edib. Bu mövqedə isə “Neftçi” qərarlaşıb. Ən az tamaşaçı toplayan isə “İnter”dir. Onlar “Rəvan”dan az geri qalır.
Çempionatın 3 ən az tamaşaçı toplayan oyunu autsayderlərin səfər matçları olub. Qəbələdə keçirilən “Simurq” – “Sumqayıt” və “Simurq” – “Rəvan” oyunlarının hərəsində 150, AZAL – “Sumqayıt” matçında isə 200 tamaşaçı qeydə alınıb.
I dövrənin ən çox tamaşaçı toplayan 4 oyununun hamısı isə Lənkəranda baş tutub. “Xəzər Lənkəran”ın “Neftçi” ilə oyununu 10000, “Bakı” ilə qarşılaşmasını 7100, “Simurq”la görüşünü 7000, “İnter”lə matçını isə 6500 izləyici seyr edib.
9 tur üzrə tamaşaçı sayına gəlincə isə 4-cü tur rekordla əlamətdar olub – 13 min 450. Ümumilikdə 9 turun 5-də 10 min tamaşaçı səddi keçilib. Mövsümün antirekordu isə 7-ci tura təsadüf edib – 5 min 400.
saytlarin hazirlanmasi