"...medianın bu sektorunu əməlli-başlı qarğabazarına döndərib"
Berti Foqts mətbuat konfransına jurnalistlərin alqışlarıyla daxil oldu... Sual verdim: "Mən sizə 3 il əvvəl Aftafa və Tualet kağızı vermiş jurnalistəm, bugünsə o gündən fərqlidi, təbrik edirəm sizi. Yığmanın oyununda taktiki üstünlük görünmürdü, Əfranı niyə oynatmadız, sağ cinah daha da hərəkətli olardı...".
Foqts təbrikimi qəbul eləmədi, dedi Almaniyada sənin kimi jurnalisti stadiona buraxmazdılar... hanı Aftafan? Yerdən xımır-xımır gülüşmələr oldu. Foqts sualımı da cavabsız qoydu. Bugünkü qələbəni isə prezident İlham Əliyevə həsr elədiyini dedi...
Avropanın tanımadığı nəticələrlə. Mənimçün 30 milyon büdcəsi olan Azərbaycan futbolunun elə Foqts dövründə də 3 milyon büdcəsi olan Ermənistan və Gürcüstan futbolundan xeyli geri qalması alqışa layiq deyil. AFFA Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin başçısı Mikayıl Nərimanoğlu həmişəki kimi konfransı tələsik bitirdi və sonda, "Uşaqlar, bir dənə də təbrik eləyək bu gün münasibətilə və bitirək" - deməyindən sonra Foqts alqışlarla yola salındı...
Rövnəq Abdullayevin oyundan əvvəl qələbəyə görə böyük premiya vəd eləməsi haqda xəbərin çıxması oynadırdı o yığmanı... Oyunda nə Foqtsun dəm vurduğu kimi, taktiki fərq var idi, nə də milyonluq məşqçiyə layiq futbol.
Mən, sən, o - kim istəməz ki qələbəni, sevinməz ki buna görə? Bəs bir qələbəni bu qədər şitliklə qarşılamaq nədi... Jurnalist peşəsi həssasdı, ən incə estetik qaydalar, peşəkarlıq tələb eləyən sahədi - sənin "acından ölən" qonşun, Ermənistan AÇ-nin pley-offuna çıxmağa yaxındı, Gürcüstan yığması nəhənglərin qanını qaraldır, sənin yığmansa Şimali İrlandiya qələbəsindən sonra tarixində ilk dəfə cəmi 8 xala nail olub, buna görə alqışla qarşılayıb, alqışla yola salırsan Foqtsu.
Sənin futbolda sərvətin olmalıydı bu qədər pulların xərclənməyi qarşısında, eyforeya alqışları yox. Azarkeşi anlamaq olardı, ancaq Foqtsu alqışlayan jurnalistləri hara və kimə tapşırasan, nə deyəsən... Onsuz hər sahədə hərcmərclik, qaydaların, sərhədlərin pozulması vüsət alıb gedib... O mətbuat konfransı göstərdi ki, idman mediasına axışan küçədəngəlmə "jurnalist yığını" medianın bu sektorunu əməlli-başlı qarğabazarına döndərib. Buna əncam fikirləşmək lazım...
Hamınıza alqışlar!
Elçin CƏLİLOV /futbolpress.az/
saytlarin hazirlanmasi