Rahid Əmiqruliyev: "Futbolumuzun inkişafından danışırıq, amma..." MÜSAHİBƏ

15:02 - 21 Oktyabr 2013

"Bəzi futbolçular məşqlərə məsuliyyətlə yanaşmır"
 
"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev Sportal.az-a müsahibə verib. Millimizin də futbolçusu olan Əmirquliyev yığma komandamızın son iki oyunundan və "Xəzər Lənkəran"ın çıxışından danışıb. "Ağ yaşıllar"ın kapitanı həmçinin "Simurq"la oyundan sonra polislə aralarında baş verən dialoqdan danışıb. 
 
 
- Şimali İrlandiya ilə oyundan başlayaq. 90 dəqiqə meydanda oldun və yaxşı oyun göstərdin. 2:0 hesablı qələbəyə inanırdınmı?
- Biz bilirdik ki, çətin oyun olacaq. Səfərdə biz onlarla heç-heçə oynamışdıq. Amma həmin matçda rəqibimizin kifayət qədər qol şansları oldu. Sadəcə istifadə edə bilmədilər. Xüsusilədə hava toplarının hamısında demək olar ki, bizi udurdular. Ona görə də burdakı oyunun asan keçməyəcəyini bilirdik. Yaxşı da hazırlaşmışdıq. Həm də bu seçmə mərhələdə qalib gələ bilməmişdik. Şükürlər olsun ki, komanda yaxşı oynadı və qələbə qazandı. 
 
- Şimali İrlandiya ilə göstərdiyin yaxşı oyundan sonra Rusiyaya qarşı meydana start heyətdə çıxmadın. Sənin mövqeyində Maksim Medvedev oynadı. Səbəb nə idi kənarda qalmağına?
- Bunun səbəbini mən də bilmirəm. Berti Foqtsdan soruşmaq lazımdır.
 
- Çempionat başlayanda Rahid Əmiruqliyev həmişəki formasından uzaq idi. Amma son oyunlarda yenə də formanı bərpa etmisən. Bəs başlanğıcda bu yaxşı oyun göstərməməyin nə ilə bağlı idi?
- Çempionat qurtarandan sonra az istirahət etdik. Cəmi 6 gün dincəldikdən sonra yenə məşqlərə başladıq. Həm milli komandanın, həm də avrokubok oyunlarına hazırlıqlar başladı. Az istirahət etmək ola bilsin ki, formama da təsirsiz ötüşmədi. Amma hal-hazırda özümü çox yaxşı hiss edirəm. 
 
- “Simurq”la oyun haqqında nə deyərdin?
- Biz mövsümə yaxşı başlamasaq da, sonradan öz oyunumuzu tapdıq. Çox yaxşı oyun göstərirdik. Çoxlu sayda qol imkanlarımız var idi. Amma istifadə edə bilmirdik. Deyirlər ki, guya bəxtimiz gətirmirdi. Mən isə fərqli düşünürəm. Bunun bəxtsizlikdən deyil, bəzi futbolçuların məşqlərə ciddi yanaşmamasından irəli gələn bir şey olduğunu fikirləşirəm. Biz inanırdıq ki, belə oyunla qələbələr qazanacağıq. “Simurq”la oyunda ilk hissəni pis oynadıq. Amma ikinci hissədə özümüzə gəldik və qələbəmizi qazandıq. 
 
- “Bayıl Arena”nı “Xəzər Lənkəran” üçün uğursuz stadion adlandıranlar var idi. Bu fikirlər də məhz “Rəvan”la oyundan sonra yaranmışdı. Amma komandanız vacib bir qələbəni bu stadionda qazandı...
- Mən belə şeylərə inanmıram ki, bu stadion bizim üçün uğursuzdur və ya baş nəsə. Amma meydanın süni olmağı bizim üçün yaxşı deyil. Orda oynamaq çətin olur.
 
- Qarşıda Superkubok oyunu var. “Neftçi” ilə son iki oyununuzda qalmaqal baş verib. Bu qalmaqallar Azərbaycan Kubokunun finalında başladı. Rəqibiniz həmin kuboku sizdən almışdı. Bu oyunda əvəzini çıxa biləcəksinizmi?
- “Neftçi” bizim əzəli rəqibimizdir. Çətin və maraqlı oyun olacaq. Biz inanırıq ki, orda da yaxşı oyunumuzu davam etdirib qalib gələcəyik. Superkuboku Lənkərana gətirəcəyik. Həmçinin bu Premyer Liqa tarixində ilk Superkubokdur. Kim bu kuboku qazanarsa, tarixə düşəcək. Biz də tarixə düşmək istəyirik. Superkubokun ilk qalibi kimi. 
 
- Naxçivanda da qalmaqal ola bilərmi komandalar arasında?
- Yox, buna inanmıram. 
 
- Bu oyunun Naxçıvana salınmasını necə qarşılayırsan?
- Bizim üçün fərqi yoxdur harda oynayırıq. Amma eşitdiyimə görə ordakı stadionun vəziyyəti yaxşı deyil. Ona görə də yaxşı olardı ki, ideal vəziyyətdə olan bir stadiona salardılar oyunu. 
 
- “Simurq”la oyundan sonra polislə aranda bir dialoq yaşandı. Nə baş vermişdi orda, nəyə etiraz edirdin?
- Mən ora gec çatdım. Ora gələndə dedilər ki, lənkəranlı azarkeşi tutub apardılar. 
 
- Polislə aranda nəsə mübahisə baş vermişdi?
- Yox, sadəcə polsilərə dedim ki, niyə ancaq lənkəranlı fanatlara ilişirsiz, niyə həmişə bizim fanatları tutub aparırsız? Sonra bizim mühafizəçilər məni avtobusa apardılar. Bilmirəm niyə bizim fanatları aparırlar? Birinci dəfədir görürəm ki, fanata həbs verirlər. Dünyanın hər yerində belə hallar baş verir. Futbolun inkişafından  danışırıq, amma görün nələr olur. Futbolumuza da pis təsir edir bu.
 
- Elə “Neftçi” ilə ilk oyundan sonra tutulan “Xəzər Lənkəran” fanatı Eliko hələ də buraxılmayıb...
- Bütün bunlar futbolumuza pis təsir edir. Nəyə görə azarkeşə həbs verilsin. Sevindiyinə görə?
 
- Bu meydanda futbolçulara təsir edirmi?
- Əlbəttə, təsir edir. Gözümüzün qabağında azarkeşimizi tuturlar, döyürlər. Olmaz belə. Hamımız futbolumuz üçün çalışmalıyıq. Azarkeş futbolun gözəlliyidir.
 
Elsevər MƏMMƏDOV

Xəbər xətti