“Xəzər Lənkəran”ın Naxçıvanda bu dərəcədə sevildiyini bilmirdim" MÜSAHİBƏ+FOTO

11:54 - 24 Oktyabr 2013

Mais Mənsimov: "Toşakın səviyyəsini müzakirə etmək belə yersizdir"
 
“Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov Naxçıvanda keçirilən Azərbaycan Superkuboku uğrunda matç sonrası klubun rəsmi saytına müsahibə verib.
 
Sportal.az xəbər verir ki, komanda rəhbəri “ağ-yaşıllar”ın mükafatı qazanmasına münasibət bildirməklə yanaşı, matç ətrafı bir çox məsələlərə toxunub.
 
- İlk olaraq sizi “Xəzər Lənkəran”ın Azərbaycan kubokunun qalibi olması münasibətilə təbrik edirik... 
- Çox sağ olun. İlk olaraq, fürsətdən istifadə edib ölkəmizdə keçirilən Prezident seçkilərində növbəti dəfə qalib olaraq Azərbaycan Respublikasının prezidenti seçilən cənab İlham Əliyevi “Xəzər Lənkəran” klubu adından təbrik edirəm. Cənab İlham Əliyevin idmana göstərdiyi xüsusi diqqət və qayğını biz “Xəzər Lənkəran” klubu olaraq həmişə hiss etmişik. Prezidentimizin yürütdüyü daxili və xarici siyasəti həmişə dəstəkləyərək onun arxasında olmuşuq. Bu gündə Naxçıvanda keçirilən Superkubok matçını məhz futbolun kütləviləşməsinə dair bəndin yer aldığı ölkə prezidentinin “Futbolun İnkişafına Dair Dövlət Proqramı”nın bir parçası kimi qəbul edirik.
 
- Naxçıvanda ilk dəfə idi ki, ölkə futbolu adına belə bir əhəmiyyətli matç keçirilirdi. Təşkilatçılıqdan bir klub prezidenti olaraq razı qaldınızmı? 
- Sözün düzü, özümüzü evdəki kimi hiss etdik. AFFA prezidenti cənab Rövnəq Abdullayevə minnətdarıq ki, bu oyunu məhz qədim diyarımız olan Naxçıvana salınmasına göstəriş vermişdi. O, bölgələrdə futbolun inkişafı üçün həmişə çalışıb və bu yöndə üzərimizə bizim də “Xəzər Lənkəran” klubu olaraq nə düşürsə həmişə əlimizdən gələni etmişik, bundan sonra da edəcəyik. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri cənab Vasif Talıbova isə xüsusi minnətdarlığımı bildirirəm. Onun tapşırığı ilə burada olduğumuz müddətdə ən kiçik problem belə yaşanmasına imkan verilmədi. Vasif müəllimin göstərişi ilə Gənclər və İdman Naziri Azad Cabbarov hər gün yanımızda olur, problemlərimizlə maraqlanırdı. Bir sözlə belə təşkilatçılıq ən xoş sözlərə layiqdir. Bir daha başda cənab Vasif Talıbov olmaqla hamıya klubumuz adından təşəkkür edirəm.
 
- Matç yetərincə gərgin alındı və sonda “Xəzər Lənkəran” qalib gəldi. Oyundan öncə futbolçularla görüşdünüz. Bilmək olarmı komandaya nələr söylədiniz? 
- Mən futbolçularıma həmişə inanmışam. Onların potensialının bu gün qalib gəlməyə yetərli olacağına inandığımı bildirdim. Matçda onlardan layiqli oyun, qələbə gözlədiyimi söyləyərkən futbolçularda hamılıqla qələbə qazanacaqlarına söz verdilər. Gördüyünüz kimi komandamız layiqli oyunla qalib gəldi və verdikləri sözə əməl etdilər.
 
- Azarkeşlərdən söz düşmüşkən, stadionda yetərincə “Xəzər Lənkəran”ı dəstəkləyən azarkeş vardı... 
- Elədir. Əslində etiraf edim ki, “Xəzər Lənkəran”ın Naxçıvanda bu dərəcədə sevildiyini bilmirdim və bununla qürur duydum. Biz özümüzlə Naxçıvana heç bir azarkeş aparmamışdıq. Hətta VİP lojada onlarla naxçıvanlı azarkeş hər iki klubun rəsmilərinin yanında “Xəzər Lənkəran”a azarkeşlik etdiklərini söylədilər. Bundan başqa, mənə məlumat verildi ki, burada az sayda cənublu tələbələr də var və onlar da komandamızı dəstəkləyənlər arasında idilər. Mən bizə inanan, bizi dəstəkləyən bütün insanlara minnətdarlıq edirəm.
 
- Qələbə topu vurularkən sevincinizin həddi-hüdudu yox idi. Maraqlıdır, hesab bərabərləşərkən qələbəyə inamınız itməmişdi ki? 
- Əsla! Bu gün biz çox gözəl oynadıq. Hətta oyundan sonra “Neftçi” klubunun prezidenti Sadıq Sadıqovda məni təbrik edərkən belə bir ifadə işlətdi ki, “Siz qələbəyə layiq idiniz!”. Ona görə də final fitinə qədər futbolçularıma, baş məşqçimizi Con Toşaka inanırdım.
 
- Con Toşakın adını çəkdiniz. Təcrübəli mütəxəssis Avroliqadakı oyun sonrası istefa vermək istərkən siz klub prezidenti olaraq onun istefasını qəbul etmədiniz. Bu gün nə qədər doğru addım atdığınız bir daha sübut olundu. Bununla razısızmı? 
- Bəli. Çünki, Toşakın səviyyəsini müzakirə etmək belə yersizdir. Onun klubumuzun başına gətirilməsi Azərbaycan futbolunun inkişafı, təbliğatı adına çox böyük bir addımdır. Cənab Toşaka klub rəhbərliyi olaraq həmişə inanmışıq, onun arxasında olmuşuq. Çox doğru qeyd etdiniz ki, o vaxtı biz doğru addım ataraq onun istefasını qəbul etmədik. Bu gün “Xəzər Lənkəran” ölkə çempionatında hansı yerdə qərarlaşmasından asılı olmayaraq, ən baxımlı futbol oynayan komandadır. İnanıram ki, “Xəzər Lənkəran” bu mövsüm qarşısına qoyduğu məqsədlərə Con Toşakın təcrübəsi və bacarığı ilə nail olacaq.
 
- Bir daha sizi “Xəzər Lənkəran”ın Azərbaycan Superkubokunun qalibi olması münasibəti ilə təbrik edirik. 
- Siz də sağ olun! Bir daha başda fəxri prezidentimiz Mübariz Mənsimov cənabları olmaqla, bütün azarkeşlərimizi klub prezidenti olaraq təbrik edirəm. 
 

Xəbər xətti