Mahir Şükürov: "Kuboku onlara hədiyyə etdik"
"Neftçi"nin müdafiəçisi Mahir Şükürovun Sportal.az saytına müsahibəsi
- Super Kubokda “Xəzər Lənkəran”a uduzmağınızın səbəbləri nə idi?
- Düzdü, Naxçıvanda atmosfer yaxşı idi. Stadionun vəziyyəti imkan vermirdi ki, öz oyunumuzu göstərək. Çox bərbad vəziyyətdə idi ot örtüyü. Ötürmə vermək olmurdu. Yaxşı ot örtüyündə biz tam öz oyunumuzu göstərə bilirdik.
- Səncə, hər iki komanda üçün ot örtüyü eyni vəziyyətdə deyildimi?
- “Xəzər Lənkəran”ın öz stadionu da bu vəziyyətdədir. Onlar öyrəşiblər belə meydanda oynamağa.
- Düşünümürsən ki, cənub komandası bu kuboku sizdən daha çox istəyirdi?
- Ola bilsin ki, onlarda istək daha çox idi. Bilirsiz, biz həm çempion olmuşuq, həm də kuboku qazanmışıq. Mən anlamadım ki, biz Super Kuboku nəyə görə onlarla oynadıq. Əgər kuboku və ya çempionluğu qazansaydılar, yenə də oynamaq olardı. Axı ikisini də biz qazanmışdıq. Eybi yox biz Super Kuboku “Xəzər Lənkəran”a bağışladıq. Komanda şəklində söz veririk ki, növbəti oyunda onları məğlub edəcəyik. “Simurq”la oyundan sonra “Xəzər Lənkəran”la üz-üzə gələcəyik. Həmin oyunda mütləq onlara qalib gələcəyik. Naxçıvandakı stadion imkan vermədi ki, onlara öz oyunumuzu göstərək. Amma “Bakcell Arena”da başqa futbol olacaq. Biz azarkeşlərimizi stadiona dəvət edirik. Onlara şou göstərərik. Biz nə azarkeşlərimizin, nə də prezidentimizin başını aşağı etməmişik. Noyabrın 2-də onlara 3 xalı hədiyyə edərik.
- Naxçivanda istədiyiniz ajiotajı gördünüzmü?
- Azarkeşlər gəlmişdilər. Amma cəmi 30 nəfər “Neftçi” azarkeşi qışqırırdı. Ona görə də ajiotaj elə də yox idi.
- Hakimlik barədə nə deyərdin?
- Rəhim Həsənov aləmi qatdı bir-birinə. Mərkəz hakimsən, qulaqcıqlarla digər hakimlər ona epizodları deyir. Əgər bundan istifadə etməsəydi, o deyən idi. Qulaqcıq vasitəsilə əlavə köməkçi hakim ona deməlidir penalti deyil. Yoxsa, penaltini verir, sonra ləğv edir. Əgər əlavə hakim deyəcəkdisə, Rəhim özü hara baxırdı?
- Oyundan sonra Tərlan Əhmədovun istefası barədə xəbərlər yayıldı. Səncə, baş məşqçi dəyişikliyi olsa, bu “Neftçi”yə pis təsir etməyəcəkmi?
- Bu barədə nəsə deyə bilmərəm. Klub rəhbərinin işidir bunlar. Biz onlar nə deyirsə, onunla razılaşmaq məcburiyyətindəyik. Bu barədə danışmaq istəmirəm. Biz futboolçuyuq, başımızı salıb aşağı futbol oynayırıq.
- Oyundan qabaq komandalar dostluq mesajı vermişdi. Lakin oyun zamanı bunları görmək olmurdu. Meydanda gərginlik çox idi...
- Dünyanın hər yerində belə şey var. Meydanda mübarizə aparırsansa, sən də qələbə qazanmaq istəyirsən, rəqib də. Nə olur hamısı stadionda qalır. Kənarda hər iki komandanın futbolçuları görüşür də, söhbət edir. Bu adi haldır. Ona görə deyirəm ki, azarkeşlər hansısa futbolçunu söyür.Olmaz belə. Oyun bitir, hamı görüşür. Futbolçular arasındakı gərginlik sadəcə 90 dəqiqəlik oyunda, meydanda qalır.
- Zohair Benouahi oyundan sonra açıqlamasında deyib ki, Mahir Şükürov mənim anamı söydü...
- Yalan danışır. Oyundan sonra mən də çox şey deyə bilərəm.
Elsevər MƏMMƏDOV
saytlarin hazirlanmasi